Dövlət qulluğuna marağın artırılmasına dair layihə başlayıb
Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim fəaliyyətə başlayıb.
Qazax Gənclər Mərkəzində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edib.
Qonaqları salamlayan və təlimə uğurlar arzulayan İ.Süleymanov bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirib.
ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqlayıb və eləcədə çap olunan materiallar haqqında məlumat verib.
Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanılıb, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparılıb. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırılıb.
3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcək.






