Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi qeyd olunacaq.
“Report”un xəbərinə görə, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.
Milli Məclisin deputatı Əziz Ələkbərov mərasimində iştirak edəcək. O, həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində olacaq və böyük şairin heykəlinin açılış mərasiminə qatılacaq.
Səfər mayın 6-da başa çatacaq.
Qeyd edək ki, Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olub. Ə.Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə.Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.