Maraqlı

Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı

8 iyul / 16:04 4 dəq
Elnur123
8 iyul / 16:04
Burada sizin reklamınız ola bilər
Bəzən çəki artımı, qarında yığılan piylər və bədən formasının dəyişməsi ilə mübarizə aparırıq.
Amma hec düşünmürük ki, bu dəyişikliklərin kökündə təkcə qidalanma və hərəkətsizlik yox, əsas orqanın zəifləməsi və düzgün işləməməsi də dayanır.
Çünki bu orqan bədəndə maddələr mübadiləsinin və enerji balansının əsas tənzimləyicisidir. Onun fəaliyyəti pozulduqda artıq çəki yığmaq, piylənmək və orqanizmin ümumi balansının pozulması qaçılmaz olur.
Çox vaxt düşünürük ki, əgər problem varsa, mütləq ağrı olacaq, narahatlıq açıq-aşkar hiss ediləcək. Amma bu, heç də həmişə belə deyil.
Bədənimizdə bu orqan bir çox problemləri ağrıyla yox, sükutla keçirir — yalnız sadə bildirişlərlə xəbər verir.
Səssiz rejimdə işləyən telefon kimi…
Zəng gəlir, amma səs çıxmır. Əgər diqqətli olsaq, o zəngin işığının yandığını görərik. Vaxtında görsək, problemi qabaqlayarıq. Görməsək — zəng cavabsız qalar, problem isə böyüyər…
Əgər bədən səbəbsiz yorğunluq, ağızda acılıq və pis dad, qarında ağırlıq və şişkinlik, dərinin solğunlaşması və səpkilər, konsentrasiya və diqqət zəifliyi, enerjisizlik kimi narahatlıqlar verirsə, deməli, bildirişləri qəbul edirik.
(Qeyd edək ki, sadalanan əlamətlər digər sağlamlıq problemlərində də müşahidə oluna bilər. Dəqiq səbəbi müəyyən etmək üçün həkim müayinəsi mütləqdir.)
Qaldı, sadəcə, o bildirişə cavab vermək…
Bəli, sözügedən bildirişlər — “Qaraciyərdən” gəlir…
Qaraciyərin orqanizmdə rolu olduqca geniş və həyati əhəmiyyət daşıyır. O, sanki bədənimizin mini kimyəvi laboratoriyasıdır.
Qaraciyər zərərli maddələrin zərərsizləşdirilməsi və bədəndən çıxarılması, qan dövranının tənzimlənməsi, həzm prosesində iştirak, qlükoza ehtiyatının yığılması və enerji balansının qorunması, hormonların və fermentlərin sintezi, eləcə də immunitet sisteminin gücləndirilməsi kimi həyati vacib funksiyaları yerinə yetirir.
Onu da unutmayaq ki, qaraciyər — özünü tam bərpa edə bilən yeganə orqandır.
Amma bu, sonsuz və avtomatik baş verən bir proses deyil. Əgər orqan davamlı olaraq zədələnməyə və zərərli vərdişlərə məruz qalırsa, bu bərpa mexanizmi bir nöqtədən sonra dayanır və artıq geridönməz xəstəliklər başlayır.
Lakin müəyyən şərtlərə əməl etməklə qaraciyərdə özünü bərpaetmə rejimini aktivləşdirmək mümkündür.
Məsələn:
Qidalanmanın heç olmasa 80%-i təmiz, təbii və balanslı qidalardan ibarət olmalıdır.
Hərəkətli və aktiv həyat tərzi, eləcə də gün ərzində kifayət qədər su içmək vacibdir.
Yuxu rejiminə əməl etməklə, stresdən mümkün qədər uzaqlaşmaq, həmçinin alkoqoldan, siqaretdən və zərərli vərdişlərdən uzaq durmaqla qaraciyərin bərpasına kömək etmiş olarıq.
Bütün bu problemləri yaşamamaq üçün sadəcə vaxtında bədənimizi dinləmək və bildirişlər gəlmədən vərdişlərimizi dəyişmək kifayətdir.
Unutmayaq, sağlam “Qaraciyər” — sağlam həyat deməkdir. Seçim isə hər zaman öz əlimizdədir!
Hörmətlə: Sağlam yaşam üzrə motivator, peşəkar idmançı Elnur Nemətov
Paylaş
Burada sizin reklamınız ola bilər