İham Əliyev və Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.
“Qərb Xəbər” məlumat verir ki, Prezident və birinci xanım Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak ediblər. Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar.
Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər. Dövlət başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub. İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.
Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident və birinci xanım Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.




