“AŞPA-nın son qətnaməsi Rusiyanın yerlə bir olan imicinə ciddi ziyan vuracaq” – Rəy
AŞPA-da Rusiyanın Ukraynaya hücumu ilə bağlı qətnamə layihəsi qəbul olunub.
Qətnamədə Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində Rusiya tərəfindən keçirilmiş “referendumlar” birmənalı şəkildə pislənib və üzv dövlətlər “referendumlar”ın hər hansı nəticələrini tanımaqdan çəkinməyə çağırılıb.
Həmçinin, üzv dövlətlərə Rusiya Federasiyasına hücumu dərhal dayandırmaq üçün maksimum təzyiq siyasətini həyata keçirməkdə möhkəm və vahid olmaq məsləhət edilib.
Qətnamədə Rusiya Federasiyası “terror dövləti” kimi tanınıb.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Qabil Hüseynli bu hadisənin ciddi bir məsələ olduğunu vurğulayıb.

“Bu qətnamədən sonra Rusiya da İran, Şimali Koreya kimi ölkələrlə eyni sıraya düşür. Bu Rusiya üçün çox ziyanlı bir prosesdir. Həmçinin, bu Rusiya-Ukrayna müharibəsində Rusiyanın ciddi cinayətlərini təsdiqləyəcək əlavə faktlar verir. Belə bir qərarı ABŞ da qəbul etmək istəyirdi. Lakin, ABŞ bir qədər ehtiyyatlı yanaşır. Amma, AŞ bu qətnaməni daha tez qəbul etdi. Rusiyaya tətbiq edilən sanksiyaların isə çox ciddi bir forma aldığını söyləyə bilərik. Artıq sanksiya tətbiq ediləcək başqa bir sahə qalmayıb”.
Politoloq əlavə edib ki, son günlər Rusiyanın Ukrayna şəhərlərini raket atəşinə tutmasından sonra sanksiyaların yeni paketi qəbul edildi. Mənim zənnimcə bu cür sanksiyalar Rusiya dövlətinə çox ciddi ziyan vurur, amma eyni zamanda Avropaya da ziyan vurur.
“AŞPA Rusiyanı terrora dəstək verən dövlət kimi yox, rejim kimi tanıdı”. Bunu “Qərb Xəbər”ə açıqlamasında REAL Partiyasının icra katibi, politoloq Natiq Cəfərli bildirib.

“Həmin qətnamədə terroru dəstəkləyən dövlət kimi yazılsaydı, bəzi prosedurlar işə düşəcəkdi və Rusiya ilə hətta diplomatik münasibətlərin saxlanılması qadağan olunacaqdı. Ona görə də AŞPA daha yumşaq ifadə ilə rejim sözünü işlətdi. Amma, hər bir halda bu Rusiyanın yerlə bir olan beynəlxalq imicində gələcəkdə ciddi problemlərin yaranması ilə müşahidə olunacaq.
Bu o deməkdir ki, ən azından Avropa Şurasına daxil olan ölkələrin Rusiya ilə əməkdaşlıq edilməsi daha ciddi monitorinq olunacaq. Hansısa Avropa Şurasının digər üzvləri tərəfindən sanksiyalarla müşahidə oluna bilər. Bunun əsas nəticəsi bu ola bilər. Hüquqi olaraq o qətnamənin birbaşa təsiri yoxdur, amma dolayı yollarla təsiri ciddidir”.
“Rusiya mediasını izləyərkən və rəsmi açıqlamalarını görərkən məlum olur ki, onlar Avropa Şurasını ciddi bir qurum saymırlar. Avropa Şurasının insan haqları məhkəməsinin qərarlarından belə imtina ediblər. Rusiyanın onsuzda başı dərtdədir. Sadəcə bu sənədi görməzdən gəlməyə çalışırlar” – deyə Natiq Cəfərli vurğulayıb.
Rahib İsgəndərli



