“Rus ordusu Krıma qədər qovulacaq” – Şərh
Rusiya – Ukrayna müharibəsində son vəziyyəti, 2 ölkənin də ordusunun hazırki durumunu və müharibənin gedişatını “Qərb Xəbər”ə danışan politoloq Natiq Miri Qərbin Ukraynaya verdiyi silahların rus ordusunu zəiflətdiyini bildirdi.

“Müharibə o vəziyyətə çatıb ki, rus ordusunun hücum intensivliyi kifayət qədər zəifləyib. Bunun əsas səbəblərindən biri Qərbin Ukraynaya verdiyi silahlardır. Əvvəllər həm havada , həm də quruda artilleriya baxımından Rusiya xeyli öndə indi. Artıq bu nisbət bərabərləşib. Hətta, Ukraynanın bəzi məsələlərdə üstünlükləri var. ABŞ-ın və Qərb ölkələrinin Ukraynaya verdiyi silahlar daha dəqiqdir. Rusların istifadə etdiyi Qrant kimi reaktiv silahlar dağıdıcı silahlar olsa da, dəqiq deyillər. Ancaq, ABŞ-ın Ukraynaya verdiyi reaktiv raket sistemləri çox dəqiq koordinatları vurur. Bu yöndə artıq üstünlüyün Ukrayna tərəfində olduğu görünməkdədir. Bu müasir silahların Ukrayna tərəfində olması rus ordusunda ön cəbhə ilə arxa cəbhə arasındakı əlaqənin də zəifləməsinə gətirib çıxarır. Buna görə də Rusiya ordusunun ciddi problemləri başlayıb. Bu problemlər artaraq davam edəcək”.
Politoloq əlavə etdi ki, Rusiya ilk vaxtlarda 3 istiqamətdə hücum əməliyyatı keçirirdirsə, artıq hücum istiqaməti sayı 1-ə enib: “Hazırki hücum Dombasda, xüsusən də Donetskin işğal olunmayan hissəsində davam edir.
Eyni zamanda Rusiya qeyri-peşəkar , döyüş haqqında heç bir təcrübəsi olmayan gənc əsgərləri ön cəbhəyə göndərir. Bütün bunlar olarkən Ukrayna müasir silahların fonunda əks hücumlarını davam etdirir. Düşünürəm ki, bundan sonra Xerson kimi strateji şəhər azad olunacaq. Xerson vilayətinin azad olunması Krımla Dombas arasındakı quru dəhlizini aradan qaldıracaq. Bu da Rusiya ordusunun təchizatını zəiflədəcək. Ən nəhayət rus ordusu Krıma qədər qovulacaq. Düşünürəm ki, bu proseslərdən sonra Rusiya ilə danışıqlar aparmaq intensivləşəcək. Krım və onun ətrafı, həmçinin, Svestopol kimi liman şəhərlərin işgaldan azad olunması məsələsi siyasi yolla həll olunmağa çalışılacaq. Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyinə dair təhtidləri də var. Bu cür risk faktoru da mövcuddur”.
Rahib İsgəndərli
Qərb Xəbər



