Almansayağı “sərçə bazarı” – Video
Ölkədə göz oxşayan makro marketlərin sayı durmadan artır. Buna baxmayaraq, bir əsrdən çox yaşı olan bazar öz aktuallığını bu gün də qorumaqdadır. Tovuzda yerləşən “Sərçə bazarı”nın nə hündür binası var, nə də dəbdəbəli vitrini. Amma küçələrdən birində salınan bu bazar alıcı sarıdan əziyət çəkmir. Əsl kənd məhsulu istəyən günün bəlli saatında yolunu məhz buradan salacaq.
Sakinlər əmindirlər ki, 100% təbii, ev şəraitində hazırlanan süd və tərəvəz məhsullarını yalnız sübh tezdən açılan və cəmi 2-3 saat davam edən “Sərçə bazarı”ndan almaq olar. El dili ilə desək, “gətiricilər”in öz həyətində becərdiyi məhsulların qiymətinin də münasib olması müştəriləri cəlb edir.
Alıcıların sözlərinə görə, onlar nağd pul olmayanda da, “Sərçə bazar”ından əliboş qayıtmırlar. Müştərilərini məmnun etməyə çalışan gülərüz satıcılar nisyə alış da təşkil edirlər.
Ticarət məkanının əsasının 19-cu əsrdə Tovuzda yaşayan almanlar tərəfindən qoyulduğu deyilir. Almanlar o vaxtdan becərdikləri məhsulların satışını həyata keçiriblər.İndi də bu ənənə elə almansayağı dəqiqliklə davam etdirilir.




