Ukraynada hələ ki kiçik müharibə…
Bu gün yaraqlılar Donbasda “atəşkəs rejimini” 34 dəfə pozub. Atışma nəticəsində iki əsgər yaralanıb.
“Qərb Xəbər”in məlumatına görə, barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri qərargahı Facebook-da məlumat yayıb.
Qeyd olunur ki, yaraqlılar Luqanskaya stansiyasına 122 mm çaplı ağır artilleriya silahlarından 32 mərmi atıblar. Həmin vaxt uşaqların və müəllimlərin olduğu bağçanın binasına ziyan dəyib.
Kommunal infrastruktura da ziyan dəyib – qəsəbənin yarısı işıqsız qalıb. İlkin məlumata görə, atəş nəticəsində uşaq bağçasının üç əməkdaşı kontuziya alıb.
Bundan başqa, qanunsuz silahlı birləşmələr Vrubovka kəndini artilleriyadan atəşə tutub. Həmin vaxt şagirdlərin və müəllimlərin olduğu yerli ümumtəhsil məktəbinin binasına da ziyan dəyib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bundan başqa, mərmilər qaz kəmərini zədələyib – 70 mənzil və 100-ə yaxın fərdi yaşayış evi qazsız qalıb.
Ümumilikdə, bu gün saat 14:00-a olan məlumata görə, silahlılar tərəfindən atəşkəs rejiminin 34 pozulması faktı qeydə alınıb ki, onlardan 28-i Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə etməklə olub.
Silahlıların atəşə tutması nəticəsində Birləşmiş Əməliyyat Qüvvələrinin iki hərbçisi də yaralanıb. Döyüşçülər tibb müəssisəsindədir. Onların səhhətləri orta ağırdır.
Xatırladaq ki, Luqanska stansiyasının atəşə tutulmasından sonra yerli sakinlər atəş coğrafiyasının getdikcə artdığını və vəziyyətin gərginləşməkdə davam etdiyini qeyd etmişdilər. İndi Maryinka, Krasnoqorovka, Staromixaylovka ərazisində vəziyyət narahatlıq doğurur.




