1983 və ya 84-cü il olardı. Xəbər yayıldı ki, Ermənilər Qazax ərazisindən torpaq qoparmaq sevdasına düşüb. Bunun üçün bütün resurslarını işə saldılar. Həm Moskvada, həm də Bakıda bütün şəbəkə işə düşdü. Böyük hissəsi Kəmərli kəndinin və bütün İncə kəndlərinin meşələri olmaqla, Əksipara dərəsinin, Cəfərlinin üstü, Xanlıqlar, Sofulu və Bərxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər Ermənilərə verilməli idi. Ümumilikdə 5000 hektara dək ərazi.
Mənim həmin vaxtlar 10 və ya 11 yaşım olardı. Anam Kəmərlidən olduğu üçün bu mövzu evimizin əsas gündəm mövzusu idi. Həm də bu hadisədən bir-iki il əvvəl, Kəmərlidə yaşayan dayım Lətif müəllim bizi “Fındıqlı” meşəsində yerləşən “Battaqlı” bulağa aparmışdı. Nəhəng ağacları olan, günəş görünməyən bu meşə bizim yaddaşımızda xüsusi iz buraxmışdı. Ona görə də bu meşələr barədə evimizdə gedən söhbətlər bu gün də xatirimdədir. Həmin illərdə Qazaxda nələr oldu – yazım, siz də bilin.
Həmin dövrdə Qazaxa Kimlər gəldi?
Öncə Azərbaycan Kominist partiyasının katibi Şamil Rəsizadə Noyanberyan tərəfdən ermənilərlə birgə İncə dərəsi meşələrinə gəldi. Burada yığışmış yerli əhaliyə bu torpaqların ermənilərə verilməli olduğunu deyib ermənicə salam verdi. Bizim yerlilər etiraz edir, bu qayıdır ki, əşşi nə fərqi var, ya siz, ya erməni. Bunu eşidən camaat mübahisə edir. Sərxoş olan Şamil Rəsizadə təhqirin dozasını daha da artırır. Və olanlar olur:
Ən yeni tariximizdə torpaq ilhaqına, satqın rəhbərliyə qarşı xalq üsyanı başladı. Gözünü sevdiyim, bizim eloğlu və əsasən elqızlarımız bunu və bərabərində gətirdiyi erməniləri paya ilə bir yaxşı döydülər. Avtomobillərini aşırdılar. Özlərini də Əsir kimi gətirib Kəmərlinin mərkəzində sifətlərinə tüpürdülər. Sonra sovet höküməti repressiyaya başladı. Dönəmin kənd rəhbərlərini (rəhmətlik İsa Bəbirov və başqalarını) istintaqa cəlb etdilər. Rəsizadənin “ağzını cıran” qadını qolçomaq qızı çıxardılar. Sonra Mərkəzi Komitənin ikinci katibi, rus canişini Viktor Polyaniçka gəldi Qazaxa. Müxtəlif vədlər-filan. Olmadı. Sonunda dönəmin Azərbaycan Rəhbəri Kamran Bağırov gəldi Qazaxa. Təxminən belə bir çıxış etdi: “Əziz həmvətənlər, mənə yazığınız gəlsin. 8 saat Moskvada ayaq üstə saxladılar. Təzyiq edirlər. Elə bilin mənə verirsiz, bu mən ölüm mənə bağışlayın”.
Sonra Bala Cəfərli kəndinin ərazisində erməni restoranında (adını unutmuşam, sonralar bizimkilər dağıtdı oranı) Dəmirçiyanla oturub ilhaq sənədi imzalayıblar, yemək yeyiblər. Deyilənə görə həmin görüşdə Karen Dəmirçiyan Kamran Bağırovun bahalı saatını oğurlayıb.
Nəticə: 90-cı illərdə Qazaxın sərhəd kəndləri atəş altında qaldı. Bu gün işğalda olan kəndlərimiz anklava çevrildi, nəticədə işğala məruz qaldı.
P. S. Bu gün sərhədlərin demarkasiyası gedən zaman bu faktı xatırlatmağı özümə borc bildim. Rəsmi orqanlar oxuyub dediklərimizi nəzərə alıb araşdırsalar, ölkəmizə faydası toxunar. “Sovet sərhədləri” deyiləndə belə faktları nəzərə almaq lazımdır. Söhbət Sovetin hansı dövründən gedir – buna diqqət etmək lazımdır. 1929, 1980, yoxsa 1991-ci ildən? Bu cür faktlar, bağışlamalar Naxçıvanda da, başqa ərazilərimizdə də olub. Hazırkı tarixi anda bu məsələyə diqqət etməkdə fayda var. Bizim strateji təhlükəsizliyimiz bu faktlardan xeyli asılıdır.