Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbula qeydiyyatı yalnız onlayn və ya “Whatsapp” əsasında aparılacaq.
Nazirlikdən “Qərb Xəbər”-ə verilən məlumata görə, məqsəd COVID-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.