Uşaq pulu artıq sosial məsələ deyil, milli təhlükəsizlik məsələsidir-Orxan Atabəyin yazısı
Mən indiyə qədər uşaq pulu mövzusuna ciddi toxunmamışam. Amma rəqəmlər artıq elə bir kritik həddə çatıb ki, susmaq gələcəyi itirmək deməkdir.
Hazırda Azərbaycanda doğum əmsalı 1.4-ə düşüb. Sadə dildə desək, 100 qadın cəmi 140 uşaq doğur. Bir millətin sadəcə yerində sayması, yox olmaması üçün bu rəqəm minimum 2.1 olmalıdır. Biz isə o limitdən çox-çox aşağıdayıq.
Məsələ təkcə az doğulmaqla da bitmir. Ölkədən gənclərin köçü var. Kağız üzərində görünən o 10 milyonun içində yüz minlərlə gəncimiz var ki, hazırda başqa ölkələrdə vətəndaşlıq növbəsi gözləyir. 5-6 ilə onların çoxu Azərbaycan pasportundan tamamilə imtina edəcək.
Bəziləri deyə bilər ki, Avropada da doğum azdır. Bəli, amma Almaniyanın, Fransanın güclü iqtisadiyyatı, cəlbedici rifahı var. Onlar dünyanın hər yerindən miqrant gətirib, onları asimilyasiya edib yollarına davam edəcəklər.
Məşhur bir deyim var: “Bu gün Amerika sərhədini qoruyan əsgərlər, vaxtilə o sərhədi qaçaq keçən miqrantların nəvələridir.” Bizim isə belə bir şansımız yoxdur; heç kim inkişaf etmiş ölkələrdən durub bizə gələn deyil.
Azərbaycanda rəqəmlər deyir:
2020-ci il: 165,511 uşaq birinci sinfə gedib.
2025-ci il: Bu rəqəm 130,000-ə düşüb.
Cəmi 5 il ərzində məktəbə gedən uşaqların sayı 35 min nəfər (21.5%) azalıb! İlk zərbə təhsilə dəyir, siniflər boşalır. Amma əsl fəlakət 40 il sonra, 80-90-cı illər nəslinin pensiya vaxtı çatanda olacaq.
İşləyən gənc tapılmayacaq ki, yaşlı nəsli saxlasın.
Bu gedişlə ölkə çökməyə, xalq isə tarix səhnəsindən silinməyə məhkumdur. Bu, artıq sadəcə sosial məsələ deyil, milli təhlükəsizlik davasıdı





