ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmanın əldə olunacağına inandığını deyib. Prezident Tramp hesab edir ki, Tehran danışıqlar aparmağa və hərbi variantın gündəmə gələ biləcəyi gərginliyin qarşısını almağa istəklidir.
Fevralın 10-da “Fox News”a müsahibə verən ABŞ lideri deyib ki, İran rəsmiləri razılaşma əldə olunmazsa, mümkün nəticələrdən “narahat və qorxmuş” durumdadırlar.
“Hamı düşünür ki, İsrail bizim köməyimizlə və ya icazəmizlə gedib onlara ağır zərbələr endirəcək. Mən isə bunun baş verməməsini istərdim”, – Tramp bildirib
“Siz İranın nüvə silahına sahib olmasına icazə verə bilməzsiniz, lakin onları dayandırmağın iki yolu var: bombalarla və ya yazılı kağız parçası ilə…. Məncə, İran saziş bağlamaq istərdi və mən də bombalamadan onlarla razılığa gəlmək istərdim”, – Tramp əlavə edib.
Ötən həftə İranın ali dini rəhbəri Əli Xamenei ABŞ ilə nüvə danışıqları perspektivini rədd edərək belə danışıqların İranın problemlərini çözməyəcəyini bildirib.
Azadlıq Radiosu