Tovuz rayonu qərb bölgəsinin zəngin bulaqları olan, geniş turizm potensialına malik rayonlarından biridir. Rayon ərazisindən axan yüzlərlə bulaqlar var ki, onların da əksəriyyətinin suyu həm içməli, həm də şəfalıdır. Yaz fəslində həmişə bu bulaqların suyu gur axmağa başlayır.
Yazın əvvəllərində Tovuz dağlarındakı bulaqların olduğu məkanlara insanlar az-az gəlsələr də, təxminən bir ay, ay yarımdan sonra bura turistlərin axını başlayacaq. Bir yay mövsümündə bulaqların olduğu istirahət məkanlarına minlərlə insan üz tutur.
Təkcə Əsrik dərəsində yüzlərlə təbii qaynama bulaqlar mövcuddur. Bulaqların suyunda bu il kəskin azalmalar müşahidə edilir. Belə ki, bəzilərinin suyu tamamilə quruyub, bəzi bulaqlarda isə su kəskin azalıb.
Yerli kənd sakinləri deyir ki, bulaqların belə ciddi azalmasını xatırlamırlar. Mövsümü azalmalar olsa da, dağlarda qarın əriməsi ilə bulaqların, çeşmələrin suyunda artım sonradan bərpa olurdu. Bu il isə hələ ki bu baş verməyib. Hətta bəzi bulaqlar tamam quruyub. “Mən deyərdim ki, 90-cı ildən bəri yağıntı bu ərazilərə nadir hallarda düşüb. Qarın hündürlüyü əvvəllər haradasa 40-50 sm-ə çatırdı. İndi dağların başına 5-10 sm ancaq qar yağır. Buna görə də su azalır. Getdikcə də bulaqlarımız quruyur. Suyun quruması ilə əlaqədar turistlərin gəlişi hesab edirəm ki, azalacaq”- deyə Hacılar kənd sakini Firudin Babayev söyləyib.
Tovuz-Qaralar-Böyük Qışlaq avtomobil yolunun kənarlarında insanların tez-tez dayanıb, qablara doldurduqları və evə apardıqları qaynama bulaqların da suyu azalıb. Təkcə Əsrik dərəsi boyunca 60-a yaxın istirahət məkanları fəaliyyət göstərir. Sakinlər deyir ki, sudan istifadə edərkən insan amili də bulaqların suyuna elə iqlim dəyişikliyi qədər təsir etdiyini düşünür. Sakinlər bildirirlər ki, bulaq suları borularla bəzi məkanlara, evlərə çəkilir ki, bu da nəticədə bulaqların suyunun azalmasına gətirir.
Mütəxəssislərin fikrincə, bulaqların sularının azalmasına təsir edən başlıca səbəb bölgə iqlimində müşahidə edilən quraqlıqdır. Yağıntının əraziyə az düşməsi dağ sularının azalmasına səbəb olur. “Bizim regionumuzda əsasən içməli su mənbələri çeşmələr və təbii bulaqlardır. Həmin bulaqların da azalması, suyunun quruması təbii amillərdən tam asılıdır. Təbii amillər dedikdə, biz yağıntıların miqdarının azalması, qlobal istiləşmənin yaranması və meşə fondunun nisbətən azalması, həmin suların debitinin azalmasına səbəb olur ki, bu da həmin bulaqların qurumasına gözlərinin tutulmasına… bundan əlavə həmin suların azalması, həmçinin bizim regionumuzda suvarma sularının azalmasına da gətirib çıxarır” – meliorasiya sahəsi üzrə mütəxəssis Məqsəd Nəbiyev belə söyləyib.
Mütəxəssis, həmçinin hesab edir ki, bulaqların suyunun quruması əhalinin suya tələbatının artması ilə əlaqədar su çatışmazlığına da gətirib çıxara bilər. Eyni zamanda mütəxəssislər yağıntıların davamlı olacağı halda bulaqların suyunun əvvəlki vəziyyətinə qayıtma ehtimalının da mümkünlüyünü qeyd edirlər.
Qeyd edək ki Tovuzun Əsrik dərəsi və ona yaxın dağlıq ərazilərdə, 200-dən çox təbii qaynama bulaqlar axır. Yayda bu ərazilərə gündəlik 1500-2000 insan istirahətə gəlir.
AZƏRTAC