Xəbər verdiyimiz kimi, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib.
Sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi xarici Prezident və digər rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.
Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora, 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var. Həmçinin, rəsmi şəxslərin fotolarını paylaşan hər kəs səfir Corc Diki öz paylaşımlarında işarələyib.
Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, ölkədə sadə vətəndaşlardan tutmuş rəsmi qurumların nümayəndələrinə qədər bir qrup şəxs də bu trendə qoşulub və həmin kitabı oxuyarkən fotolarını paylaşıblar.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Görüş zamanı bir sıra məsələlərlə yanaşı, İsrail səfiri ilə hazırda yaşanan gərginliyin də müzakirə edildiyi istisna edilmir.
Məsələ ilə bağlı ‘Qərb Xəbər’ə danışan Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy bildirib ki, bu gün dünyada totalitar rejimlərlə, demokratik rejimlər arasında mübarizə gedir.
“Görünən odur ki, bu mübarizədə demokratik rejimlər qalib gəlir. İran xarakterli dövlətlər də totalitar dövlətlər sırasında gedir. İran rejimi bilir ki, Rusiyadan sonra siyasi səhnədə böyük çətinliklərlə üzləşəcəklər. Həmçinin, neft satışı ilə bağlı Rusiya və İran arasında problem yaranmışdı. Çin və İran arasında 400 milyardlıq neft müqaviləsi vardı. Rusiya isə daha ucuz qiymətə Çin istiqamətinə neft verməyə başladı. Bu da iran iqtisadiyyatına güclü zərbə oldu. Ona görə də İran və Rusiya arasında müəyyən problemlər yaşanmaqdadır”.
Zahir Əlisoy qeyd edib ki, “Təbrizin sehirli nağılları” məsələsi şərtidir. Bir mesajdır. Bu mesaj İran rejimi ilə bağlıdır. Həm Roma Papasının, həm də İsrail səfirinin bu mesajı verməsi çox ciddi məsələdir. Biz də bir millət olaraq öz mesajlarımızı göstərməyə çalışmalıyıq. Təəssüf ki, biz bu məsələlərdə yetərincə toparlana bilməmişik. İranın dağılması qaçınılmazdır. İran parçalanmağa doğru gedir. Qeyd edim ki, böhrana görə İranın 70 faizi ailə qura bilmir.
“Biz də burada öz hesabımızı aparmalıyıq. Təəssüf ki, Azərbaycanın daxilində də dini hisslərə qapılaraq fars şovinizmini islam kimi qəbul edən bir nəsil formalaşdırıblar. Ümid edirəm ki, onların da gözü açılacaq və İranı daha aydın görəcəklər. Azərbaycan xalq olaraq ətrafında gedən proseslərə hazır olmalı və siyasi və iqtisadi baxımdan təşkilatlanmalıdır” – deyə başqan əlavə edib.