Qerbxeber.com Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyanat verib.
“Amerika Birləşmiş Ştatları Gürcüstanın hakim partiyası olan ‘Gürcü Arzusu’nun qurucusu və fəxri sədri Bidzina Qriqoris oğlu İvanişviliyə sanksiya tətbiq edir. Sanksiya Rusiyanın xeyrinə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinin təməlini sarsıtmasına görə tətbiq olunur. İvanişvilinin və ‘Gürcü Arzusu’nun fəaliyyəti demokratik institutları məhv edib, insan haqlarının pozulmasına yol verib və Gürcüstanda əsas azadlıqların həyata keçirilməsini məhdudlaşdırıb. Üstəlik, onlar Gürcüstanı Avroatlantik yolundan, gürcü xalqının böyük əksəriyyətinin arzuladığı və Gürcüstan Konstitusiyasının tələb etdiyi gələcəkdən uzaqlaşdırıb. Bu nəticələr Gürcüstanı, ərazisinin 20%-dən çoxunu işğal altında saxlayan Rusiyanın qarşısında daha həssas vəziyyətə gətirib.
Biz ‘Gürcü Arzusu’nun İvanişvilinin rəhbərliyi altında həyata keçirdiyi, Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı davam edən zorakı repressiyaları qəti şəkildə pisləyirik.
Amerika Birləşmiş Ştatları Gürcüstanda demokratiyanı və insan haqlarını sarsıdanların məsuliyyətə cəlb olunmasını tələb etməkdə qətiyyətlidir” – deyə bəyanatda qeyd olunub.
Həmçinin bəyanatda vurğulanır ki, Bidzina İvanişviliyə qarşı sanksiyalar, onun ya birbaşa məsuliyyət daşıdığı, ya iştirak etdiyi, ya da birbaşa və ya dolayısı ilə Rusiyanın federal hökumətinin xeyrinə və ya adından, yaxud onların maraqlarına uyğun olaraq demokratik prosesləri və institutları sarsıdan fəaliyyətlərdə iştirakına görə tətbiq edilib.