Saatlıda pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 30 min 440 ton “ağ qızıl” toplayan rayon pambıqçıları cari ildə də ruh yüksəkliyi ilə çalışırlar. Məhsul istehsalçıları bu günədək sahələrdən 6 min 771 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər gün sahələrdən 4 min tondan çox pambıq toplanılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AzərTac-ın bölgə müxbirinə bildiriblər ki, bu il dörd şirkətlə 2480 müqavilə bağlanaraq, 13 min 741 hektar sahədə pambıq yetişdirilib. Fermerlər məhsulu qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən ildən fərqli olaraq bu il rayonda məhsulun maşınlarla toplanmasına üstünlük verilib. Hazırda pambıq plantasiyalarında xarici ölkələrdən alınmış 44 ən müasir pambıqyığan kombayn işləyir. Yeni alınmış 14 maşın isə ehtiyatda saxlanılır. Zərurət yarandıqda bu maşınlar da sahəyə çıxarılacaq. İndiyədək toplanmış məhsulun 63 faizdən çoxu maşınlar vasitəsilə yığılıb.
Rayonun Nərimankənd kənd sakini Ağasən Babayev bu mövsüm 100 hektar sahədə məhsul yetişdirib. Əkin sahəsini aqrotexniki tələblər əsasında becərdiyindən sahəsində məhsul çoxdur. Fermer məhsulu əsasən maşınlarla toplayır.
“Pambığın maşınlarla yığılması bizə çox sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də bizə baha başa gəlir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram. Bu günədək pambıq sahəsindən 50 ton məhsul toplamışam. Tədarük etdiyim məhsulun demək olar ki, hamısı birinci növ kimi qəbul olunub. Hələ sahəmdə məhsul çoxdur. Bundan sonra daha 250 ton pambıq toplayacağıma əminəm. Dövlətin pambıqçılığın inkişafina göstərdiyi dəstək, subsidiyalar və alış qiymətinin hər ton üçün 50 manat artırılması biz məhsul istehsalçılarının bu sahəyə marağımızı daha da artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə daha çox məhsul istehsal etmək üçün əkin sahəsini daha da genişləndirəcəyəm”, – deyə fermer bildirib.
Qeyd edək ki, bu il saatlılı pambıqçılar 33 min tondan çox məhsul istehsal etməyi planlaşdırıblar.