“Səyyar Gənclər Xidməti” Qazaxda işini başa vurub
“Səyyar Gənclər Xidməti” layihəsinin Qazax rayonunda icrası başa çatıb.
Layihənin sonuncu – beşinci günündə Yuxarı Salahlı kəndinə səfər təşkil olunub. Səməd Vurğun Poeziya evində keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, “Səyyar Gənclər Xidməti” layihəsi haqqında ətraflı məlumat verib.
Daha sonra təlimçi Aysel Kərimli təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, gənclərin həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və peşə yönümü ilə bağlı, eləcə də, “bullinq”, qız övladlarının psixoloji tərbiyəsi mövzusunda təlim keçib.
Qazax rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyasının təşkili həyata keçirilib. Təlimdə 15 nəfər gənc iştirak edib.
Gənc təlimçi Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı ilə bağlı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. Təlimlərdə 16 nəfər gənc iştirak edib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib. Təlimdə 12 nəfər gənc iştirak edib.
Daha sonra “Səyyar Gənclər Xidməti” layihəsinin əyləncəli hissəsi start götürüb. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, kubik-rubik, ip atlama, stolüstü tennis, voleybol və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub.
Qeyd edək ki, layihənin sonuncu günündə 100 nəfərdən çox gənc iştirak edib.







