Rusiya neft və qazı Slovakiyaya Ukraynadan nəql edilməyəcək
Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ujqorodda Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşündən sonra mətbuat konfransında bildirib.
“Slovakiyanın Baş naziri cənab Fitso ilə enerji mövzusunda danışdıq. Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq. Ancaq bu Rusiya qazı və ya nefti olmayacaq”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, 2025-ci ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb. Lakin Slovakiya və Macarıstana neft tədarükü “Drujba” neft kəməri ilə davam etdirilir. Avqustda Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki “Drujba” neft kəmərinin infrastrukturuna bir neçə pilotsuz təyyarə və raket zərbələri endirib. Kəmər təmir edilənə qədər Macarıstan və Slovakiyaya neft nəqli dayandırılıb. Budapeşt və Bratislava Kiyevdən hücumları dayandırmağı tələb edib və Avropa Komissiyasına Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünü xatırladıb. Avqustun 28-də Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunub.




