Qazaxda Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinləşmə prosesinə start verilib.
Göyəzənin yazdığına görə, yanvarın 20-dən başlayan vaksinləşmə prosesinin yüksək mütəşəkkil şəkildə həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri, eləcə də yaşı 50–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvəndlənəcəklər.
Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.