Azərbaycan Prezidenti və İran XİN başçısının görüşündən detallar
Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmasının gedişatını müzakirə edib.
Bu barədə müzakirələr Hüseyn Əmir Abdullahiyanın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.
Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.
Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.





