Bu gün Qazax Gənclərin İnkişaf Karyera Mərkəzi və Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 1 avqust – “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə həsr olunmuş ədəbi-bədii proqram keçirilib.
Gənclər Mərkəzində reallaşan tədbiri giriş sözü ilə açan Qazax GİKM-in direktoru İsmayıl Süleymanov milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz, milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan ana dilimizin saflığı haqqında danışıb. İ.Süleymanov dilin qorunmasına yönələn düşünülmüş siyasətdən bəhs edərək bu əlamətdar günün eks-prezident Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı müvafiq Fərmanına əsasən qeyd edildiyini söyləyib.
Daha sonra Qazax UGİM-in dərnək üzvlərinin ifasında Ana dilinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Dərnək üzvlərindən Ofelya Hacıməmmədova və Zərifə Vəliyeva doğma dilimizi tərənnüm edən şeirlər söyləyiblər. Sarif və Mətanət Vəliyevlərin mahnı, Türkan İsgəndərovanın isə şeir və rəqs nömrələri ilə tədbirin bədii hissəsi yekunlaşıb.
Sonda Qazax GİKM tərəfindən Qazax UGİM-in direktoru Gövhər Rəhimova təşəkkürnamə, dərnək üzvləri isə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.