Qarın yağlarından necə qurtulaq?- Nutrisoloq Elnur Nemətov yazır..
Qarın piyindən birdəfəlik necə qurtulaq?
Qarın ətrafında yığılan piy ən çox gözə çarpan və insanı ilk narahat edən dəyişikliklərdən biridir. Çünki bu nahiyə bədənin həm estetik mərkəzi, həm də metabolik göstəricilərinin ən həssas bölgələrindən biridir.
Ona görə də çoxları üçün əsas məqsəd “qarını yığmaq”, “bel incəltmək” olur və arıqlamaq prioritet məsələyə çevrilir.
Amma burada incə bir məqam var: qarında yığılan piy təkcə görüntü problemi deyil.
O, bədənin daxilində gedən metabolik və hormonal proseslərin düzgün işləməməsinin göstəricisi ola bilər.
Xüsusilə visseral piy (daxili orqanlar ətrafında toplanan yağ) insulin həssaslığından tutmuş xroniki xəstəliklərə qədər sistemli təsir edə bilər.
Bədən bizimlə səsli danışa bilmədiyi üçün əlamətlərlə xəbər verir ki, balans pozulub.
Bu əlamətlər isə çox vaxt ilk olaraq qarın bölgəsində özünü göstərir.
Sözsüz ki, bu problemin həllində ilk addım arıqlamaqdır.
Lakin arıqlamaq lazımdır deyəndə, çoxumuz bunu çox sadə anlayırıq.
Gedişat sonrası sanki içimizdə bir arxayınlıq yaranır: çəki azalıbsa — deməli problem həll olunub.
“Artıq hər şey qaydasındadır.”
Amma məsələ təkcə arıqlamaqla bitsəydi, nə vardı ki…
Çaşqınlıq- arıq olmaqla sağlam arıq olmaq arasındakı fərqi ayıra bilməməkdən yaranır.
Bu nə deməkdir?
Bir şeyi bilmək lazımdır ki, arıqlıq sadəcə görünüşdür, sağlamlıq isə funksional vəziyyətdir.
Yəni bədən yalnız necə göründüyü ilə yox, necə işlədiyi ilə qiymətləndirilir.
Bunun çox sadə izahı var.
Gəlin baxaq.
Bir şeyin görünməsi onun düzgün işlədiyi anlamına gəlmir.
Çünki məsələnin iki tərəfi ola bilər: görünən tərəf və görünməyən tərəf.
Arıqlıq görünür, sağlamlıq isə biokimyəvi və funksional səviyyədə hiss olunur.
Görünən tərəfə nəzər salsaq — biz arıqlamışıq, bədən incəlib, paltar yaxşı oturur, güzgüdə görüntü dəyişib, qarın gedib, estetik kompleksdən qurtulmuşuq.
Kənardan baxan üçün hər şey normaldır, hətta ideal belə görünə bilərik.
Amma görünməyən tərəfdə tam fərqli proseslər gedə bilər: enerji balansı pozula, kortizol səviyyəsi arta, əzələ kütləsi azala, həzm sistemi isə zəifləyə bilər.
Və ən təhlükəlisi budur ki, kənardan görünüşümüzlə bağlı o qədər xoş sözlər eşidirik ki, bu problemlər o abu-havanın içində unudulur və ya çox vaxt normal hal kimi qəbul edilir.
Nəticədə problem görünməz olur, biz isə psixoloji tələyə düşmüş oluruq.
Əsl problem də məhz burada başlayır.
Çünki nəticə var: çəki azalıb, komplimentlər yağış kimi yağır — amma əsas səbəb qalıb.
Yəni bədən sadəcə formaca kiçilib, lakin metabolik və funksional düzəliş baş verməyib.
Biz heç nəyi bərpa etməmişik — sadəcə görüntü olaraq balanssız bir bədən modeli yaratmışıq.
Bəs niyə belə olur?
Çünki bir çoxumuz bu prosesə sistemsiz yanaşırıq.
Arıqlama çox vaxt kəskin kalori məhdudiyyəti, qeyri-stabil qidalanma və bədənin adaptasiya mexanizmlərinin nəzərə alınmaması ilə aparılır.
Bədən isə bunu inkişaf kimi deyil, stress kimi qəbul edir.
Nəticədə adaptiv mexanizmlər işə düşür: metabolizm yavaşıyır, enerji qənaət rejiminə keçir, yağ depolanması isə xüsusilə qarın bölgəsində davam edir.
Beləliklə paradoks yaranır: biz arıqlayırıq, amma sağlamlaşmaq əvəzinə funksional olaraq zəifləyirik.
Bədən incəlir, amma enerji artmır, performans yüksəlmir. Necə ki, artıq çəkili olanda yorğun idik, elə də qalırıq.
Bəs sağlam arıqlamaq əslində nədir?
Sağlam arıqlamaq — stabil enerji, keyfiyyətli yuxu, effektiv həzm, hormonal balans və psixoloji sabitlik deməkdir.
Bu göstəricilər yoxdursa, deməli biz sadəcə müvəqqəti vizual dəyişiklik etmişik və belə olduqda qarın həmişə geri qayıtmaq üçün fürsət gözləyir.
Yaxşı, bəs necə edək?
Bunun üçün məqsəd və yanaşma elmi və sistemli şəkildə qurulmalıdır.
Yəni görünüş xatirinə qısa müddətli dəyişikliklə uzun müddətli problem yaratmamaq üçün peşəkar dəstək vacibdir.
Bu prosesdə plan fərdi şəkildə qurulmalı və nutrisioloq və ya idman məşqçisi tərəfindən düzgün yönləndirilməlidir.
Xüsusilə xroniki xəstəliklər olduqda tibbi risklər mütləq nəzərə alınmalıdır.Nə yediyimiz yox, bədənə nə verdiyimiz əsas tutulmalıdır.
Çünki hər qida yalnız kalori deyil, həm də hormonal və metabolik siqnaldır.
Həmçinin yeməklərin vaxtı, qida ardıcıllığının gedişatı həm motivasiyanın sabit qalması, həm də metabolizmin dəstəklənməsi üçün gündəlik olaraq mütəxəssis tərəfindən izlənilməlidir.
Çünki qarın təkcə artıq çəki deyil, bədənin daxilində gedən balanssızlığın ilkin vizual göstəricilərindən biridir.
Əgər proses düzgün qurulmazsa, qarın bölgəsi tam aradan qalxmır.
Lakin sistem düz qurularsa, qarın gedir və bir daha geri qayıtmır.
Unutmayaq: qarın problem deyil, xəbərdarlıqdır.
Seçim isə öz əlimizdədir.
Hörmətlə:


