İyulun 19-da İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı.
Görüşün niyə məhz İranda baş tutmasını, görüşdə müzakirə olunacaq məsələləri və bu görüşdən sonra bölgədə baş verə biləcək dəyişiklikləri politoloq Oktay Qasımovdan soruşduq.
Məsələ ilə bağlı ‘Qərb Xəbər’ə danışan O. Qasımov bildirdi ki, Türkiyə Prezidentinin İrana səfəri əvvəlcədən nəzərdə tutulmuş səfərdir: “İranda 3 ölkə başcısının görüşü keçiriləcək. Bu zirvə toplantısı son 5 ilə baxdığımızda növbəti görüşlərdən biri olacaq. Əvvəlki dövürlərdə belə bir görüş ilk olaraq Qazaxıstanın paytaxtı Astana şəhərində, sonra Rusiyanın Soçi şəhərində keçirilmişdir. Nəhayət, indi də Tehranda keçirilir. İndiyə qədər olan görüşlərdə əsas müzakirə mövzusu Suriyada baş verən hadisələr və bu dövlətlərin Suriya problemini həll etmək istiqamətində atacağı addımlar idi. Bununla bağlı həm Astanada, həm Soçidə konkret addımlar atmışdı. Bu addımlar nəticəsində Suriyada müəyyən sabitlik əldə olunmuşdur. O cümlədən, Türkiyənin bir çox narahat edən məsələlər var ki, bunlar əsasən PKK terror təşkilatının Suriya ərazisindən Türkiyəyə yönəlmiş təhdidlərin aradan qaldırılması məsələsi idi. Həmçinin, Suriyadan 5 milyona yaxın qaçqını Türkiyədə yerləşməsi məsələləridir”.
“Suriyada baş verən vətəndaş müharibəsinin əsas ağırlığı Türkiyənin üzərinə düşür. Bu baxımdan İranda keçiriləcək görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Türkiyə özünün qayğılarını, narahatlılığını bu dövlətlərə çatdıracaq və özünün qərarını bir daha onlara açıqlayacaq. Müzakirə olunacaq kifayət qədər ciddi məsələlər var. Bunlardan ən başlıcası Rusiyanın Ukraynaya təcavüzü və bunun nəticəsində dünyada yaranmış gərginlik. Bununla bərabər ərzaq qıtlığı ilə bağlı məsələlər müzakirə olunacaq. Təbii ki, bunlar iki tərəfli görüşlərdə müzakirə olunacaq. Beynəlxalq səviyyədə sanksiyaya məruz qalmış İran və Rusiyanın Tükiyəyə müəyyən ehtiyacları var. Enerji məsələləri var, kommunikasiya məsələsi xüsusi ilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər və “3+3” formatı müzakirə oluna bilər. Ərdoğan Rusiya Prezidenti ilə görüşdə Ukrayna müharibəsi və Ukrayna taxılının dünya bazarlarına çıxarılması məsələləsini də müzakirə edəcək”- deyə O. Qasımov qeyd etdi.
Politoloq əlavə etdi ki, bunu rutin bir görüş olaraq dəyərləndirirəm: “Bu növbəti bir görüşdür. Hər halda orada olduqca həll edici qərarların alınacağını düşünmürəm. Hazırda beynəlxalq səviyyədə yaranmış durumun müzakirə etmək baxımından bir fürsət yaranıb. Amma hansısa xüsusi təsir edici qərarın alınacağını düşünmürəm”.
Vüsalə Kərimova