Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları IX-XI sinif şagirdləri ilə görüşüblər.
“Qərb Xəbər” məlumat verir ki, növbəti tədbir oktyabrın 21-də Qazaxda keçirilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov akademiyanın üstünlüklərindən danışıb. Burada təhsil alan tələbələrə oxuduğu müddətdə hər cür qayğı göstərildiyini, bütün xərclərin dövlət tərəfindən həyata keçirildiyini, ali təhsil almaq istəyən gənclərə geniş imkanlar açıldığını diqqətə çatdırıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev isə növbəti qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən bölgələrdən Polis Akademiyasını seçən gənclərin üstünlük təşkil edəcəyinə, qəbulun sayının artacağına ümid etdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Akdemiyada gənclərin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər diqqətə çatdırılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.