Kreml Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistanda Rusiya hərbi bazasının olmasının üstünlüklərinin olmadığını bəyan etdiyindən xəbərsizdir.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a müsahibəsində bildirib.
O, Kremlin kütləvi informasiya vasitələrində dərc olunan yazıları qəbul etmək fikrində olmadığını vurğulayıb.
Biz hələ də bilmirik ki, o, bu sözləri deyib, ya yox, deyibmi, harada və hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur”, – Peskov “Wall Street Journal”ın nəşrini şərh edərkən bildirib.
Xatırladaq ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan Amerikanın “Wall Street Journal” nəşrinə müsahibə verdiyi məlum olub. Qəzet müsahibənin bəzi hissələrini dərc edib. Nəşr olunan epizodlarda Paşinyan bildirir ki, Rusiya Federasiyasının sülhməramlı qoşunları Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilmir və ya təmin etmək istəmir.
Paşinyanın sözlərinə görə, bu hadisələr faktiki olaraq belə bir qərara gətirib çıxarıb ki, Ermənistan təhlükəsizlik sahəsində münasibətlərini şaxələndirməlidir. O, həmçinin bəyan edib ki, Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasında heç bir üstünlük görmür.
İ.Babayeva