Məktəblərdə hücumun arxasında duran qüvvə kimlərdir-
“Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumları, eləcə də Azərbaycanda məktəbdə baş verən və dünyada artan bu təhlükəli hadisə elə belə şəxsi motivlər əsasında icra edilmir”.
Qerbxeber.com Globalinfo.az -a istinadən xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.
O bildirib ki, sosial media və Vatsap tipli proqramlarda uzun zamandır “Kolumbayn” (Məktəb Atışmaları) adlı icmalar var:
“Onlar bağlı formada azyaşlıları cinayətə sövq edirlər. Qrupa üzv olanların əksəriyyəti də məktəblərdə bulinqə məruz qalan uşaqlardır. Psixoloji sarsıntı keçirən şagird və yeniyetmələr bu qrupların təsirinə düşərək qisas almaq məqsədilə ağır cinayət törədərək “səni əzəni öldür” təbliği edirlər.
Sınaq isə sadə əmrlərdən başlanır:
Öncə şagirdləri ilk baxışda incəsənət kimi görünsə də, “Grafiti” yaxud divarlara yazı yazaraq mesajlar verməyə yönləndirən bu güc yeniyetmələri dövlət əmlakına zərər vurmağa, daha sonra isə daha ağır cinayətlərə (məsələn, mağaza qarəti) sürükləyir. Bu, “cəsarət testi” adı altında edilir.
Pul qazanmaq ikinci test üsulu sayılır ki, gənclər cəsarətli olduqlarını sübut etmək üçün məktəblərdə kuryerlik edirlər. Satış məqsədi ilə narkotik vasitədən tutmuş, o tərkibdə dərmanları daşıyır və yayırlar”.
Z.Əliyev bildirib ki, bu tipli tapşırıqlardan sonra ağır mərhələlər başlayır:
“Müəllimlər, valideynlər və polis “sistemin qulları” və ya “düşmən” kimi göstərilir və onların yeganə ailəsi özləri olduğu təlqin edilir. Seçilən şəxslərə telefon və kompüter ekranını valideyn yaxınlaşanda dərhal bağlamaq, parolları tez-tez dəyişmək, paltarlarında, bədənlərində ya dəftərlərində naməlum işarələr, döymələr simvollar çəkmək əmri verilir. Daha ağır isə məktəblərə silahlı hücumlar və qətllərdir. Bunu da son illərdə görürük.

Niyə məhz yeniyetmə və şagirdlər?
Bu güc bilir ki, uşaqlar həm asan idarəolunan, həm də hüquqi baxımdan daha az məsuliyyət daşıyırlar və onların əli ilə çirkin planları icra edirlər.
Çıxış yolu varmı ?
Sosial mediada yaş senzurası, təhlükəli oyunları bloklamaq, məktəblərdə ailənin iştirakı ilə psixoloji işi gücləndirmək lazımdır. Onlar üçün əyləncə yerlərinə ( karusel, zoopark, uşaq filmləri üçün kinoteatrlar və sair) də güzəştlər edilməsi məqsədəuyğundur.
Məktəblərdə valideynlər icması mütləq şəkildə yaradılmalı, uşaqlarla birgə ən azı həftədə bir dəfə görüş keçirilməli, birlikdə müzakirələr aparmaq, dərsləri bir yerdə etmək və kompüter, telefon kimi vasitələrdən uzaq durmaq aşılanmalıdır. Valideynlərin iştirakı ilə birgə yarışlar, oyunlar keçirilməlidir ki, hər iki tərəf arasında ünsiyyət daha asanlaşsın.
Telefon və kompüterlə bağlı ciddi ölçülər götürülməlidir ki, məktəblər məlumatı kitablardan alsın. Dərs sistemi sadələşməlidir ki, şagirdlər internet üzərindən deyil, kitabxanadan bəhrələnmək barədə düşünsünlər. Azərbaycan həssas bir regiondur və bu gücün ölkəmizə daxil olmasının qarşısını həm mən deyən variantda, həm də peşəkar insanların təklifləri ilə ala bilər”.





