İyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsi rayonun polis əməkdaşları tərəfindən dayandırılıb.
Son 1 ay ərzində Qazaxda 3 erkən nikaha girmək istəyənlərin qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb. Məsələ ilə bağlı “Qərb Xəbər“ə hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu danışıb.
Onun sözlərinə görə erkən nikahların günahkarı bütün cəmiyyətdir: “Erkən nikahın günahkarları polisdir, erkən nikahı edən mollalardır, İcra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalardır. Cəmiyyətin özü bunların olmasına icazə verir. Bunların hər birinin olması bizim özümüzdən asılıdır. Biz özümüz bunun qarşısını almasaq, erkən nikahlar həmişə olacaqdır”.
Novella Cəfəroğlunun sözlərinə görə, bu kimi hallarla qarşılaşdıqda mühafizə orqanlarına məlumat verilməlidir: “Bu kimi hallara rast gəldikdə ailə komitəsinə bildirmək lazımdır. Qızların adı, soyadı, ata adı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, İcra hakimiyyətinə və polisə xəbər verərək bu kimi halların qarşısını ala bilərik. Qızların zorla ailə qurulmasına cinayət işi düşür”.
Vüsalə Kərimova