1991-ci il oktyabrın 18-də Milli Məclis, ovaxtkı Ali Sovet Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da Azərbaycan milli dövlətçilik tarixində mühüm hadisənin əsası qoyulub. Həmin il dekabrın 29-da referendumda əhalinin 95 faizi səsvermədə iştirak edərək müstəqilliyə, suverenliyə və istiqlaliyyətə səs verib. Sənəddə müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu vurğulanıb. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
Artıq 32 il əvvəl Azərbaycan dövlətçiliyi tarixində baş vermiş ədalətsizlik də bərpa olunub.
Keçmiş SSRİ-nin hakim kommunist ideologiyası cümhuriyyəti unutdurmağa çalışsa da, buna nail ola bilmədi. Onun tənəzzülə uğrayıb çökməsi dövründə törətdiyi bütün fəsadlar, cinayətlər və s. məsələlər aşkar oldu. Azərbaycan milli dövlətini, Şərqdə ilk demokratik respublikamızı 1920-ci il aprelin 28-də sovetlər hərbi yolla devirməklə işğalın əsasını qoydular. Beləliklə, 70 il davam edən işğalın əsası qoyuldu.
Sovet rejimi dağılan ərəfədə ölkə ictimaiyyəti, xüsusən ziyalılar müstəqillik uğrunda mübarizəyə başlayanda maneələr yaradıldı. Ötən əsrin 80-ci illərinin sonlarında isə 300 minə yaxın qərbi azərbaycanlı güc yolu ilə dədə-baba yurdlarından qovuldu, Ermənistan vətəndaşlığından məhrum edildi, mülkiyyəti əllərindən alındı. Mərkəzi hakimiyyətin laqeydliyi nəticəsində erməni etnik qrupu təmsilçilərinin iştahası daha da böyüdü, nəticədə onlar Qarabağı Ermənistana birləşdirmək istiqamətində fəaliyyətə başladılar. Bunun ardınca 1988-ci ildə Şuşa şəhəri yaxınlığında yerləşən Topxana meşəsi separatçılar tərəfindən dağıdıldı. Buna cavab olaraq Bakıda “Azadlıq!”, “Ədalət!”, “Müstəqillik!”, “Ərazi bütövlüyü!” şüarları ilə yüz minlərin iştirakı ilə etiraz aksiyaları başladı. Həmin illərdə Azərbaycan cəmiyyəti cümhuriyyət dövründə olduğu kimi, həm dövlət quruculuğu, həm də ərazi bütövlüyü uğrunda mübarizə aparıb, şəhidlər verib. 1990-cı ildə sovet rəhbərliyinin törətdiyi 20 Yanvar hadisəsi, 1992-ci ildə Xocalıda yaşadılan soyqırımı müstəqillik yolunda Azərbaycana vurulan zərbələrin simvoluna çevrildi. Belə qanlı cinayətləri törədənlər Azərbaycana müstəqillik yolunda maneələr yaratmağa çalışıblar. Sovetlərin çökməsi Azərbaycanın müstəqilliyinin bərpasını, ərazi bütövlüyü uğrunda mübarizəsini sürətləndirdi.
“Qərb Xəbər” Report.az istinadən xəbər verir.