Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili klinikadan məhkəmə iclasına onlayn qoşularkən ölkədəki etiraz aksiyaları barədə danışarkən deyib.
Onun sözlərinə görə, çox adam onun xalqa müraciət etməsini xoşlamır.
“Bilirsinizmi, təəccübləndirici nədir? Həmin insanlar ki, siyasi məhbusların azad olunmasını tələb edirlər, söz azadlığı uğrunda mübarizə aparırlar, amma mənim ədalətsiz həbsimi müdafiə etmirlər, buna göz yumurlar, hətta əksinə, həbsimin daha da ağırlaşdırılmasını tələb edirlər və mənim söz deməyimə qarşı qəti allergiya göstərirlər. Bu, təəccübləndirici və paradoksal deyilmi?!
Müxalifətin birliyi çox vacibdir. Müxalifətin birliyi müxtəlif siyasətçilərin ayrı-ayrılıqda gözəllik müsabiqəsi deyil. Təbii ki, bu, xalqımızın ətrafında birləşməkdir. Tbilisinin küçələrində baş verən hadisələrdə, əslində, artıq yeni Gürcüstan doğulub və məni dəmir barmaqlıqlar arxasında görmək istəyənlər anlamırlar ki, əgər mən orada olsaydım və sizin aranızda olmaq şərəfinə malik olsaydım, Tbilisinin, Batuminin, Zuqdidinin, Kutaisinin küçələrində çox daha erkən kömək edərdim sizlərə və hər şey sülh yolu ilə başa çatardı, çünki mənim bununla bağlı təcrübəm var, bəlkə də ən böyük təcrübə. Mən sizin hər birinizin cəsarəti qarşısında baş əyirəm. Mən də özümü fəda etdim və Gürcüstanın ayağa qalxması üçün hər şeyimi verdim. Mən həmişə Gürcüstanın gələcəyinə pozitiv baxmışam” , – deyə Mixeil Saakaşvili qeyd edib.