Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.
Bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.
“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o deyib.
İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.
Məsələni “Qərb Xəbər”ə şərh edən politoloq Natiq Miri bildirib ki, Laçın dəhlizində baş verən hadisələr 2020-ci il 10 Noyabrda imzalanmış üçtərəfli bəyannamə çərçivəsində baş verir:
“Bəyannamədə nəzərdə tutulub ki, Laçın dəhlizinə 3 il ərzində alternativ yol çəkiləcək. Bu yola da rus sülhməramlılar nəzarət edəcək. Ermənistanda müxalif və revanşist qüvvələr belə bir fikir formalaşdırırlar ki, guya bu 10 Noyabr sənədinə zidd prosesdir. Guya ki, yolun çəkilməsinə 3 il sonra başlanmalı idi. Üstəlik ,Laçını da dırnaq arası Dağlıq Qarabağın bir hissəsi kimi təqdim edirlər. Bu ərazinin Azərbaycana qaytarılmasını qanunsuz sayırlar. Laçın heç vaxt keçmiş Dağlıq Qarabağın tərkib hissəsi olmayıb. Həmçinin, Laçının işğalı ilə bağlı BMT-nin qətnaməsi var”.
Natiq Mirinin fikirinə görə Laçının Azərbaycana qaytarılması gecikmiş hadisədir.
“10 Noyabr sənədində göstərilmir ki, yol 3 ildən sonra çəkilməlidir. 3 il ərzində çəkiləcəyi göstərilir. Bu da Azərbaycanın iradəsindən asılı olan məsələdir. Bu yol 1 ilə də, 2 ilə də çəkilə bilərdi. Ona görə də ermənilərin iddiaları isə tamamilə əsassızdır. Avqustun sonuna qədər Laçın şəhərinin və Zabux kimi kəndlərin boşaldılmasına dair vaxt qoyulması Ermənistanda psixoloji təzyiq yaratdı. Bundan sonra sərt ritorikada yumşalma başlandı”.
Politoloq əlavə edib ki, Separat rejimin təhlükəsizlik katibi sülhməramlıların müşaiəti ilə Azərbaycanın bəzi yüksək rütbəli zabitləri ilə görüşüb. Bunu Ermənistan mediası da təsdiq etdi.
“Bu görüşün gələcək münasibətləri müzakirə etmək üçün təşkil olunduğu iddia edildi. Ancaq, düşünürəm ki, bu görüşdə Avqustun 25-i son tarix olaraq göstərilib. Bu ərazilərdəki evlər yandırıldığı təqdirdə Azərbaycan ordusu tərəfindən ciddi cavabları olacağı barədə xəbərdarlıq olunub. Bunun nəticəsində separat rejim oradaki əhalini və əhalini idarə edən bələdiyyə və icmaları xəbərdar edib ki, evlər yandırılsa bunun cavabı sərt olacaq. Bütün bu proseslər Azərbaycan dövlətinin xeyirinədir. Alternativ yolun çəkilməsi Şuşa döngəsinin Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Bu da Şuşanın təhlükəsini aradan qaldırır”.
Rahib İsgəndərli
Qərb Xəbər