Köhnəqışlaqda məktəb qəbiristanlığa bitişik tikilib
Ağstafa rayonunu sərhəd Köhnəqışlaq kəndində orta məktəb qəbiristanlığa bitişik tikilib.
Bu barədə “Bölgənin Səsi” saytına kənd sakinləri məlumat veriblər.
Bildiriblər ki, etirazlarına baxmayaraq sabir icra başçısı Məhərrəm Quliyev məktəbi israrla bu ərazidə tikdirib: “Qəbirlərlə sinif otaqlarının arasındakı məsafə 5-6 metrdir. Dəfn mərasimləri şagirdlərin gözü qarşısında keçirilir, ağlaşma səsləri şagirdlərin psixologiyasını pozur. Elə buna görə də övladlarımızın çoxunu qonşu Tatlı kənd məktəbinə göndəririk”.
Sakinlər onu da qeyd ediblər ki, Təhsil Nazirliyinə göndərdikləri məktublar da nəticə verməyib. Əslində məktəbin kəndin girişində, daha təhlükəsiz yerdə tikilməsinin məqsədəuyğun olacağını düşünürlər. Ermənistanla həmsərhəd kəndin sakinləri bu məsələnin müsbət həllini gözləyirlər.




