Kənd dedikdə ilk olaraq ağlımıza – yolları qışda, payızda palçıqlı, yazda, yayda tozlu-torpaqlı olsa da, insanları sadə və qonaqpərvər, tarlaları barlı-bərəkətli yaşayış sahələri gələrdi. Bu kəndlərin insanları öz halal zəhmətləri, alın tərləri ilə becərdikləri təmiz məhsulla qidalandıqlarından xarakterləri də saf olurdu. Becərilən məhsul həm özlərinə bəs edirdi, həm də şəhərlərdə yaşayıb, fabrik və zavodlarda çalışanların tələbatını ödəməyə yetirdi. Bu günlər çox tez-tez eşitdiyimiz bir deyim var – “indiki qidalarda əvvəlki dad qalmayıb”. Bu doğrudan da belədir. Təsəvvür edirsinizmi, kənd əhalisi meyvə-tərəvəzi, ət, süd, göyərti, bir sözlə, bütün ərzaq məhsullarını, hətta yumurtanı belə bazardan alır. Bu ilk növbədə kəndlinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və istehsalı sahəsində çətinliklərinin olması ilə bağlıdır.
Yazın gəlişi ilə kəndlinin problemləri başlayır. İlk növbədə toxum almaq lazımdır ki, əsasən bu sahə monopolistlərin nəzarətində olduğundan və idxala üstünlük verildiyindən qiymətlər hamının cibinə görə deyil. Toxum alıb səpənləri daha çətin sınaqlar gözləyir. Tezliklə suvarma mövsümü başlayır. Bu sahədə də əsasən məmur- oliqarxlara aid böyük təsərrüfatlardan sadə kəndliyə növbə çatmır. Deyək ki, kəndli bu sınaqdan da min zillətlə çıxdı. İrəlidə daha ağrılı problem dayanır – becərilən məhsulu maya dəyəri nəzərə alınmaqla sərfəli qiymətə satmaq. Gömrük rüsumu ödəməyən, ölkəyə kənd təsərrüfatı məhsulları idxal edən məmur – oliqarxların aşağı qiymətə təklif etdikləri məhsul qarşısında kəndli öz məhsulunu ya maya dəyərindən aşağı qiymətə təklif etməli, ya da min əziyyətlə becərdiyi məhsulu anbarlara vurub münasib vaxtı gözləməlidir. Hər iki variant kəndlinin zərərdən yaxa qurtarmasına kömək etmir. Birinci halda, məhsulu maya dəyərindən aşağı sataraq zərər edir, ikinci halda isə saxlama müddətindəki itki hesabına zərər edir.
Bu səbəbdən kənd əhalisi pul qazanmaq üçün öz əməyini təklif edir, eləcə də, keyfiyyətsiz və çox halda zərərli olsa da, daha ucuz məhsul almağa üstünlük verir.
Fikrimizcə, bu gün Azərbaycan kəndlisini torpaqla əliyalın üz-üzə qoymaqdan xilas eləmək əslində ölkənin iqtisadiyyatını xilas etməkdir. Bu gün ölkəmizin kənd təsərrüfatına ciddi yanaşılmalı, burada inhisar və hər cür monopoliyaların qarşısını alan qanunvericilik bazası yaradılmalıdır. Kəndli məhsul istehsalına təşviq edilməli, sadələşdirilmiş şərtlərlə aqro-lizinq və digər kreditlərdən faydalanmalıdır. Təsərrüfatların təmərküzləşməsi təbii yolla – kiçik fermerlərin öz istəkləri ilə baş tutmalıdır. Pullu oliqarx-məmurların Azərbaycan kəndlisinin torpağına, dolanışıq sahəsinə müdaxiləsinin qarşısı dövlət tərəfindən qətiyyətlə alınmalıdır. Atatürkün məşhur – “Kəndli millətin əfəndisidir” – fikri hər yerdə və hər zaman aktuallığını qorumalıdır. Kəndlinin fəhləyə çevrilməsi ölkə iqtisadiyyatının çöküşüdür.
Kəndlər təkcə ölkəni ərzaq məhsulları ilə təmin edən baza deyil, eyni zamanda xalqın, millətin adət-ənənələrini, milli-mədəni dəyərlərini, əxlaqi keyfiyyətlərini yaşadan vacib subyektlərdirlər və bu dəyərlərə sadiq istənilən iqtidar onun qorunub-saxlanmasında maraqlı olmalıdır. Unutmayın ki, biznes maraqları ucbatından həyatına müdaxilə etdiyiniz, düzənini pozduğunuz kəndlərin öz ənənəvi missiyasını itirməsi nəticədə hamımızın zərərinə olacaq.