İsrail-Həmas müharibəsi: BMT-nin Qəzzada yardım işləri bir neçə saata dayana bilər
BMT-nin Qəzzadakı yardım əməliyyatı bir neçə saat ərzində dayana bilər və yardım əməliyyatlarının əsasını yanacaq təşkil edir.
BMT-nin Qəzzadakı yardım agentliyi yanacağın tükənməsinin nə qədər fəlakətli olacağını vurğulayır.
Onlar deyirlər ki, blokadada olan bölgədəki bütün əməliyyatlarının əksəriyyətində yanacaq istifadəsi tələb olunur.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) X platformasında bildirib ki, “İnsanların təmiz içməli suya sahib olmasını, xəstəxanaların açıq qalmasını və yaralıların həyatının xilas olunması əməliyyatlarının davam etməsini təmin etmək üçün yanacaq tədarükünə icazə verilməlidir”.
Qəzza zolağı Həmasın İsrailə gözlənilməz hücum etdiyi oktyabrın yeddisindən bəri İsrail təhlükəsizlik qüvvələrinin blokadasındadır və bölgəyə son dörd gündə onlarla humanitar yardım buraxılsa da yanacaq daşınmasına icazə verilmir.
Yanacaq çatışmazlığının səhiyyəyə təsiri ilə bağlı narahatlıqlar da var.
BMT-nin digər agentlikləri Qəzzada xəstəxanaların üçdə birinin və ilkin səhiyyə klinikalarının təxminən üçdə ikisinin raket hücumundan zədə və ya yanacaq çatışmazlığı səbəbindən bağlandığını güman edir.
Bundan başqa BMT Qəzzaya göndərilən yardımın sürətindən də narazıdır və indiyə kimi bölgəyə çatan yardımın ehtiyacların cüzi hissəsini qarşıladığını deyib.
ABŞ Prezidenti Joe Biden də humanitar yardımın “kifayət qədər sürətli” çatmadığını söyləyib və ABŞ dövlət katibi Antony Blinken BMT Təhlükəzilik Şurasının iclasında münaqişədə “humanitar fasilə” təklif edib.
Oktyabrın yeddisindəki hücumdan sonra Həmas tərəfindən oğurlanan 200-dən çox girov hələ də Qəzzada saxlanılır – indiyədək dörd nəfər azad edilib.
İsrail Qəzzanı ağır bombardmanlarını davam etdirir – Həmasın idarə etdiyi ərazilərdəki Səhiyyə Nazirliyi bildirir ki, oktyabrın 7-dən bəri təxminən 5800 nəfər həlak olub.
Sərhəd yaxınlığındakı icmalara basqın edən və mülki əhalini hədəf alan Həmas silahlılarının İsrailə hücumları nəticəsində 1400-dən çox insan həlak olub.
İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.
BBC




