Tehranın müxtəlif bölgələrində və Təbriz, Həmədan, Qəzvin, İlam, İsfahan, Qorqan, Məşhəd, Kirmanşah, Zəncan və Ərak şəhərlərində etiraz aksiyaları keçirilib. “Xaməneyi qatildir, rəhbərliyi batildir”, “qorxun o gündən ki silahlanaq”, “ölüm olsun diktatora” və başqa şüarlar səsləndirilib.
Tehran və bir sıra başqa şəhərlərdə də tələbələr etiraz aksiyası keçiriblər.
Sentyabrın 20-dən Azərbaycan şəhərlərində də aksiyalar başlanıb. Narazılar hökumətə qarşı şüarlar səsləndirilməyə başlayıb.
Məsələni “Qərb Xəbər”ə dəyərləndirən Bütöv Azərbaycan Ocaqları (BAO) başqanı Zahir Əlisoy bildirib ki, İranda baş verən proseslər ümumi teokratik rejimə qarşıdır.
“Dünya qloballaşır, İran rejimi isə bu yeni dünya düzənində son dərəcə geridə qalmış rejimdir. İran əhalisinin bu reaksiyası baş örtüsünə görə olsa da, əsas etiraz rejimin çürüklüyünədir. İnsanlar müasir dünya ilə ayaqlaşmaq istəyir. Eyni zamanda İranda sosial vəziyyət çox ağırdır.
İran rejimi şiə ideologiyasından daha çox fars ideologiyasına köklənmiş bir rejimdir. Gerçək şiəlikdən uzaqdırlar. Baş örtüyünün atılması o teokratik rejimin dağılması deməkdir. İranın bütövlüyünu qoruyan iki mühüm şərtdən biri İran adıdır ki, onu da Azərbaycan türkləri Azərbaycan şüarları ilə dağıdır. Digəri isə şiəlik adı altında fars rejimini qorumaqdır”.
Zahir Əlisoy əlavə edib ki, artıq Azərbaycanın güneyi ixtişaşlara qoşulub.
“Adətən İranda baş verən ixtişaşlarda bəzən fars şəhərləri, bəzən ərəblər, bəzən də bizimkilər qalxır. Amma, burada birinci mərhələdə farslar və kürtlər qalxdı. Ümumiyyətlə İranın daxilində farslarla kürtlər bir bloklaşıb, Azərbaycan türkləri ilə ərəblər də bir bloklaşıb”.
“Azadlıq , ədalət, milli hökumət şüarları Pişəvəri vaxtından qalsa da ,bu gün yenə də aktuallığını qoruyur. Güney Azərbaycandakı etirazlarda milli hədəf elementləri də vardı. Hakimiyyət bu etirazların qarşısını ala bilmir, çünki, etirazlar bütün şəhərləri götürüb” – deyə başqan əlavə edib.
Rahib İsgəndərli
Qərb Xəbər