İlham Əliyevdən vacib açıqlamalar
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Prezident Qarabağla və ölkə gündəmi ilə bağlı mühüm məsələlərə toxunub.
“Qərb Xəbər” həmin müşavirədəki çıxışından vacib məqamları sizə təqdim edir:
- Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər;
- İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti. Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm.
Azərbaycan lideri həmçinin Zəngəzur dəhlizi haqqında da danışıb:
- Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da artıracağıq;
- Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da çəkilir.
- Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.




