Martın 2-də Nazirlər Kabinetinin yanında Operativ qərargahın yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırması nəticəsində bu gün Bakı Beynəlxalq Avtovağzalında sərnişinlərin daşınmasında problem yaranıb.
“Qərb Xəbər” saytının hazırda Bakıda olan əməkdaşının məlumatına görə, avtobus sürücüləri müxtəlif adamlara bilet aldırır, sonra o biletləri baha qiymətə satmağa çalışırlar.
Avtovağzallarda gözlədilənlərin əksəriyyəti tətilini ata-anasının yanında keçirmək üçün rayonlara qayıtmağa çalışan tələbələrdir.
Qeyd edək ki, təhsil müəssisələrində tədris, təlim-tərbiyə Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dayandırlıb. Ağzında maskası olmayan tələbələrin toplu halda avtovağzalda gözlədilməsi isə heç bir məntiqə sığmır.