İyulun 26-da Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi.
“Qərb Xəbər”in məlumatına görə, müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov, uzun illər əlilliyi olan uşaqlarla çalışan Elnarə Səmədova, Fərman “Mingecevir İsiqları”qezetinin baş redaktoru Fərman Nəbiyev, Bərdədən QHT fəalı Namaz Kərimov ekspert qismində iştirak ediblər.
Onlayn görüş zamanı Mingəçevir, eləcə də respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya yolları, pandemiya dövründə qarşılaşdıqları çətinliklər müzakirə olunub. Eyni zamanda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir.Təşəbbüsün əsas məqsədi Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhvə vermək, onların istedadlarını ictimaiyətə təqdim etməkdir.
Təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.