1920-ci il Gəncə Üsyanının başlanmasından 99 il ötür.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edilsə də, ölkə tamamilə təslim olmadı. Bolşevik hakimiyyətinə qarşı ən güclü silahlı müqavimət Gəncədə təşkil edildi.
May ayının 24-də ölkənin birinci paytaxtı Gəncədə milli ordu generallarının başçılığı ilə yerli qarnizon qoşunları üsyan qaldırdı. Üsyanın əsas rəhbərləri Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəyli idi.
Cahangir bəy Gəncə üsyanı haqqında qısa da olsa, xatirələrini yazıb. Xatirələr Münhendə çap olunan “Azerbaycan” (1953-cü il) dərgisində yayımlanıb. Bu xatirələrdə Gəncə üsyanının başlama tarixi 1920-ci ilin mayın 24-dən 25-nə keçən gecə kimi qeyd olunub.
Üsyanda Azərbaycan Ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının bölmələri, bir top batareyası, komendant bölüyü, Qaçaq Qəmbərin, Qaçaq MəmmədQasımın və Sarı Ələkbərin partizan dəstələri, ümumilikdə 10 mindən artıq vətənpərvər döyüşçü iştirak edirdi.
Az vaxt ərzində hərbi anbar, şəhər həbsxanası, dəmir yol stansiyası, fövqəladə komissiyanın – «ÇeKa»nın binası tutuldu. Gəncənin azərbaycanlılar yaşayan hissəsindəki Qızıl Ordu bölmələri və yerli «qırmızılar»dan ibarət «Şəriət alayı» tərksilah edildi.
Gəncə üsyanının qəhrəmanları Cavad xanın hünərini bir əsr sonra yenidən təkrar etdilər.
Sovet mənbələrinə görə, üsyanın yatırılması zamanı şəhər xarabazara çevrildi, 2000-ə yaxın bolşevik əsgəri öldürüldü. 1000-dən çox üsyançı şəhid oldu. Şəhərə girən ruslar 10 min insanı qətlə yetirdilər. Azərbaycan Ordusunun 12 generalı, 27 yüksək rütbəli, 46 kiçik rütbəli zabiti, 148 giziri, 267 əsgəri həbs edilib güllələndi.
Qeyri-bərabər güc nəticəsində Gəncə üsyanı iyunun 2-də məğlub oldu.
Gəncə üsyanının davam etdiyi günlər içərisində ən əzəmətli gün 28 may tarixi idi. Həmin gün artıq ötən il olduğu kimi Bakıda təmtəraqlı mərasimlər keçirilməmiş, şəhər üç rəngli bayrağa bürünməmişdi. Gəncədə isə üsyançılar bolşeviklərə qarşı sonadək mübarizə aparacaqlarına and içmişdilər. Həmin günkü toplantı ilə bağlı Cahangir bəy xatirəsində yazır: “Qoy, biz məğlub olaq, lakin düşmən də öz qələbəsinə doğru yüzlərlə, minlərlə ölüsünün meyitləri üzərindən yerisin. Qoy, 28 May təkcə istiqlalın elanı günü kimi deyil, həm də tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun. Qoy, 28 may günündə düşmən həyat və ölüm mübarizəsi ilə qarşılaşsın”.
“Azərbaycan” qəzetinin redaktoru, Ceyhun Hacıbəyli isə Gəncə Üsyanını belə qiymətləndirirdi:
“Gəncə Üsyanı – Millətimizin Şərəf və Namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır!
Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”