Gələn il Azərbaycanda iki seçki keçirilə bilər
Bu barədə “Qərb Xəbər” Azadlıq radiosuna istinadən xəbər verir.
Bir müddət olar Azərbaycan mediasında tezliklə ölkədə referendum keçiriləcəyinə dair fikirlər dolaşır. Milli Məclisin deputatı Erkin Qədirli də şəxsi Telegram kanalında paylaşdığı yazısında bildirmişdi ki, bu il referendumun, gələn ilsə həm parlament, həm də bələdiyyə seçkilərinin olması gözlənilir. Rəsmi təqvimlə 2024-cü ildə ölkədə, ən azı, bir seçkinin keçiriləcəyi dəqiqdir, çünki sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub və uyğun qanuna görə, ölkədə hər beş ildən bir bələdiyyə seçkiləri keçirilir.
Parlament seçkilərinə gəlincə, ölkə konstitusiyasında bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir və Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir – noyabrın birinci bazar günü keçirilir. Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında növbədənkənar formada gerçəkləşmişdi. Ölkə konstitusiyasında növbədənkənar seçki ilə formalaşmış parlamentlə bağlı qeyd edilir ki, “Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”. Bu baxımdan, gələn ilin noyabrında parlament seçkilərinin keçirilməsi üçün konstitusion əsaslar var.




