Fransanın bir sıra şəhərlərində keçirilən etiraz nümayişləri Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq edən qərarından sonra iğtişaşlara və polislə toqquşmalara çevrilib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən BFM telekanalı məlumat yayıb.
Parisdə kortəbii etiraz aksiyasında 4 minə yaxın insan iştirak edib. Bir neçə nümayişçi qrupu meriyanın binası qarşısına toplaşıb. Zibil qutularını, küçə mebellərini və velosipedləri yandırıblar. Polis gözyaşardıcı qazdan istifadə edib.
Renn şəhərində nümayişçilər polis məntəqəsinə hücum edərək, giriş qapısını yandırıblar. Nantın mərkəzində tramvay relslərində yanğın baş verib, prefektura binası yaxınlığında etirazçılar polislə toqquşub.
Bundan başqa 2,3 minə yaxın etirazçı Tuluza küçələrinə çıxıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi Dijon, Strasburq, Marsel və Lion şəhərlərində də nümayişlər keçirilir.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da Konstitusiyanın 49.3 maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçməklə, təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatlarını qəbul edib. Parlamentin aşağı palatasında təmsil olunan müxalifət fraksiyaları martın 20-də hökumətə qarşı iki etimadsızlıq votumu irəli sürsə də lazımi səs toplaya bilməyib.