Elnur Nemətov: Ramazanın Taleyini Həll Edən İki Düymə – İftarın İlk 60 Dəqiqəsi
On bir ayın sultanı Ramazan bu gün başlayır.
Hamı hazırlaşır: mənəvi planlar, ailə süfrələri, ibadət niyyətləri.
Bəli, Ramazan ayının həm fiziki, həm də mənəvi tərəfdən böyük xeyir və hikmət daşıdığını çoxumuz bilirik.
Bu ay bədəni dinlədir, metabolizm üçün bir fasilə verir, aclığı və toxluğu düzgün idarə etməyi öyrədir. Ramazan ayı – yenilənmək, düşünmək və həyatımızı daha nizamlı qurmaq üçün əlimizə düşən bir fürsətdir.
Bu ayda qidalanmaya düzgün yanaşdıqda həm sağlamlığa faydalı, həm də mənəvi baxımdan zəngin bir dövr ola bilər.
Yəni, bu ay tələsmədən, ağıllı seçimlərlə və planlı qidalanmayla həm bədənə, həm də ruhə müsbət təsir edir.
Amma eyni ay bir qrup insanın sağlamlığını yaxşılaşdırdığı halda, digərlərinə niyə çətinlik yaradır?
Əslində, oruc hamı üçün eynidir axı: saatı eyni, müddəti eyni, qaydası eyni. Heç nə dəyişmir.
Bəs ayın sonunda alınan nəticə niyə fərqli olur?
Çünki fərqi yaradan ac qalmaq deyil; ac qaldıqdan sonra nə etdiyimizdir.
Bir qrup insan Ramazandan sonra sanki yenilənmiş versiya kimi olur, digərləri isə özünü daha yorğun, daha ağır və daha narazı hiss edirlər.
Bir dəfə bu mövzuya toxunmuşduq:
İndi isə gəlin yaddaşı təzələyək və aydın baxaq: kimlər bu aydan real fayda görür?
Ramazanda iki düymə var: biri axşam basılır, biri səhər.
Birini basırsan, bədən deyir: “Oldu, baş üstə! Bu gün hər şey əla keçdi, sakit-sakit günü bağlayırıq.”
O birini basırsan, orqanizm cavab verir: “Başa düşdüm, mesaj alındı; sabah proqram buna görə qurulacaq.”
Biri günün necə bitəcəyini, digəri isə günün metabolik taleyini, sadə dillə desək, sabahın necə keçəcəyini müəyyən edir.
Bəzən də elə düymə basırıq ki, səhər özümüz özümüzə təəccüblənirik: bu nə idi belə?
Bu yorğunluq haradan çıxdı? Bu susuzluq nədir? Niyə bu qədər tez acdım? Niyə başım ağrıyır? və s.
Və maraqlısı budur ki, hər kəs öz düyməsini özü basır, amma nəticəni görəndə təəccüblənən yenə özümüz oluruq; günahı isə başqa yerdə axtarırıq.
Deməli, doğru seçim öz əlimizdədir.
Necə?
Əgər iftara sakit başlasaq, su içsək və bir-iki xurma və ya yüngül şorba ilə bədəni oyatsaq, insulin sıçrayışının qarşısını almış və həzm sisteminə rahatlıq vermiş olarıq.
Əsas yeməkdə protein və tərəvəzi seçib, karbohidratı sona saxlasaq, toxluğun uzun çəkilməsini təmin edər, enerjini stabilliyini qoruya və gecə yemək istəklərimizi azalda bilərik.
Şirniyyatı yalnız ehtiyac olduqda qəbul etsək, ödem və şəkər sıçrayışlarının qarşısını ala bilərik.
İftardan sonra hərəkətə üstünlük verib 15–20 dəqiqə gəzməklə metabolizmin balansını qorumuş, əzələləri işlək saxlamiş olarıq. Bu zaman insulin daha effektiv istifadə olunar və yağ yığımı azalar.
Su balansını nəzərə alaraq, kifayət qədər maye qəbul etsək, baş ağrısı, halsızlıq və yorğunluqdan uzaq olarıq.
Yox, əgər iftara tələsik başlasaq, çox, sürətli və qarışıq qidalansaq, orqanizm bunu “təcili vəziyyət” kimi qəbul edib təhlükəsizlik planını işə salacaq və yağ depolama rejimini aktivləşdirəcək.
Nəticədə: yuxu basma, şişkinlik, səhər yorğunluğu, gün ərzində bizi müşayət edən halsızlıq və tərəzidə artımın şahidi olacağıq.
Deməli, belə nəticəyə gəlmək olar ki, Ramazan ayı və oruc təkcə mənəvi deyil, həm də cismani tərbiyə məktəbidir.
Bu ay bizə səbr öyrədir, düzgün seçim etməyi öyrədir, bədənə qulaq asmağı öyrədir.
Düzgün düyməyə basanda orqanizm rahatlayacaq, metabolizm nizamlanacaq, özümüzü yüngül və gümrah hiss edəcəyik.
Yanlış düymələrə basanda isə bədən müdafiəyə keçəcək.
Ayın sonunda ya “özümü başqa insan kimi hiss edirəm” deyəcəyik, ya da özümüzə “harada səhv etdim?” sualını verəcəyik.
Qeyd: Diabet, insulin müqaviməti və ya həzm problemləri olan şəxslər iftar və sahurda qida seçimlərini həkim və ya dietoloq məsləhəti ilə tənzimləməlidirlər. Eyni qaydalar hamıya eyni şəkildə tətbiq olunmaya bilər.
Ramazan ayınız mübarək – Orucunuz qəbul olsun!




