Xəbər

Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib

15 aprel / 08:45 3 dəq
Be98d32d 8836 3076 93bf f3073ae1f521
15 aprel / 08:45
Burada sizin reklamınız ola bilər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilib.

Bu barədə “Qərb Xəbər”ə Dövlət Komitəsindən məlumat verilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, Ermənistanın törətdiyi hərbi cinayətlərin qurbanı olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, otuz ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayaraq, Başlıbellə yanaşı, Ağdaban, Tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri görüş iştirakçılarına Böyük Qayıdışa Dair I Dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara – təbii mağaralara sığınmağa məcbur olmuş, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum etmiş və kütləvi qətliam törətmişlər. Nəticədə 14 dinc sakin girov götürülmüş, 18 nəfər qətlə yetirilmiş, 1 nəfər itkin düşmüş, 8 nəfər yaralanmışdır. Yaralılar və sağ qalanlar (ümumilikdə 29 nəfər) dağlara çəkilərək kahalarda gizlənmiş, yalnız 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilmişlər.

Paylaş
Burada sizin reklamınız ola bilər