BMT Baş katibinin müavini, UNAOC üzrə Ali Nümayəndə Miguel Angel Moratinos Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı iştirakçılarına məktub ünvanlayıb.
Qerbxeber.com xəbər verir ki, məktubu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin səsləndirib.
BMT rəsmisi məktubunda bildirib ki, iqlim dəyişkiliyinə qarşı laqeydlik böhrana səbəb olur, siyasi fikir ayrılığı, parçalanmalar bu prosesi sürətləndirir. O, iqlim böhranından əziyyət çəkənlərin əsas qurban olduğunu bildirib və deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə heç kim tək buraxılmamalıdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Najat Mokhtarın tədbirə video mesajında isə bildirilib ki, bəşəriyyət planetin gələcəyi üçün bu gün vacib qərarlar verir.
AEBA-nın baş direktorunun müavini bildirib ki, iqlim dəyişikliyi hər ölkənin tək həll edəcəyi çağırış, problem deyil, bu məsələdə kollektiv yanaşma həmrəylik tələb olunur.
AEBA nümayəndəsi Nizami Gəncəvi Mərkəzinə bu toplantının təşkilatçılığına görə təşəkkür edib.
Böyük Britaniyanın keçmiş Baş naziri ( 2007-2010) Qordon Braun tədbirə ünvanladığı video müraciətdə deyib ki, bu gün iqlim dəyişikliyi ilə yanaşı ksenefobiya, münaqişlər, dünyanın müxtəlif nöqtələrində stabilliyin pozulması bəşəriyyəti təhdid edir.
O, iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb.