Tovuz rayonunun Ağdağ kəndində cəmi 5-6 ailə yaşayır. Əsas məşğuliyyəti maldarlıq olan sakinlər elektrik enerjisi ilə bağlı yaranan problemdən narazıdır. Onların sözlərinə görə işığın verilişində tez-tez və uzunmüddətli fasilələr yaranır, aidiyyatı üzrə müraciət etdikdə isə əsassız bəhanələr gətirilir, bəzən səbəb kimi qonşulardan birinin ödəniş etməməsi göstərilir.
“Qərb Xəbər”in müxbirinin sözlərinə görə, istehlakçıların hərəsinin öz sayğacı var. Elektrik enerjisinin kəsilməsi təsərrüfata ciddi ziyan vurub. Günlərlə işıqsız qaldıqlarını bildirən sakinlər hətta bir neçə mal-qaranın tələf olduğunu deyir.
Vəziyyət o qədər ciddidir ki, əraziyə gələn bir nabələdin həyatı üçün təhlükə yarana bilər. Əlacsız qalan Ağdağlılar elektrik xətlərinin, lazım gələrsə transformatorun yenilənməsində köməklik göstərməyə hazır olduqlarını bildirirlər. Təki, öz sözləri ilə desək, toyuq-cücələri, mal-qaraları qaranlıqda qalmasın. Bütün bu iddialara cavab olaraq, qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq.
Ağdağ kəndinin işıq problemini işıqlandırmaq bizdən, məsələni həll etmək aidiyyatı orqanlardan. Ümid edək ki, fasiləsiz işığın verilişi ilə sahibkarların daha çox ziyan görməsinə imkan verilməyəcək.
Aymirə İsmayılqızı,
Röyal İslam, Qərbxəbər