Bəli, doğrudan da dünyamız gözümüzün qabağındaca korlanıb. Amma, şair demişkən: “Bir günah sənindir, bir günah mənim”.
Hələliksə keçək konkret günahlara. Bu günlərdə Bakıdakı restoranların birinin qabağında asılmış Türkiyə bayrağınının ipini bir yoldan ötən kəsib və bayraq yerə düşüb. Görüntüdə arxayla keçən bir nəfərin dərhal həmin bayrağı qaldırdığı aşkar görünür.
Restoran rəhbərliyi hadisəni ictimailəşdirib və polis pozucunu saxlayıb. Sosial şəbəkələrdəki müzakirələrdən bəlli olur ki, həmin kəs ictimai fəaldır. Olsun, lap yaxşı. Amma belə ictimai fəalın ictimai faydalılığı şəxsən məndə şübhə doğurur. Ən azından, başqasının əmlakına ziyan vurduğuna görə. Ən təəssüfləndiyim məsələ isə hörmət etdiyim bir neçə fəalın (jurnalist və s.) onu birbaşa və ya dolayısıyla müdafiə etməsi oldu. Bəli, respublika qanunvericiliyində buna görə elə ciddi cəza nəzərdə tutulmur. Amma və lakin… Gəlin, görək, qanunlarımız bizim real halımızla səsləşirmi?! Qətiyyən!
Ölkəmizin ərazisini işğal edən rus arxalı ermənini Qarabağdan qovmaqda bizə alternativsiz yardım edən Türkiyə Respublikasına bu münasibət təsadüfdürmü?! Hesab etmirəm. Zənnimcə, o adam birbaşa olmasa da, dolayısı ilə ümumtürk düşmənçiliyinin təsirindədir. Hərçənd özünun dediyinə görə, “kazino və barların qabağında asılan bayraqlara diqqət çəkməkçün” bu hərəkəti edib. Bu da inandırıcı deyil. Əminəm ki, ciddi araşdırılsa, onun da ipiqırıqlardan olduğu aşkara çıxacaq. Bunu aşkarlayacaq strukturu axtarıram. O isə təəssüf ki, yüz illərdir dövlətçilik ənənəsi pozulmuş ölkəmizdə çətin tapıla. Amma bu dövləti quran, ötürən kişilərin gerçək övladları ölməyib və gec-tez onu möhkəmlədəcək.
Bu məqamda Türkiyə-Azərbaycan konfederasiyası ideyası gündəmə gəlir. Zənnimcə, bu məsələ bütün Türk dünyasının və sonucda cəmi bəşərin xilasına aparacaq bir ideyadır.
Sonda, şair Xətaini anmaya bilmədim:
Həqiqət bir gizli sirrdir
Aça bilirsən, gəl bəri.
Küfr içində iman vardır
Seçə bilirsən, gəl bəri.
Mehman Əhməd