Fevralın 4-də Bərdə Peşə Liseyində Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyin icra etdiyi “Bərdə Peşə Liseyinin Modenləşdirilməsi” (BVET) layihəsi çərçivəsində donor və tərəfdaşların Bərdə Peşə Liseyinə səfəri təşkil edilib.
Tədbirdə Avropa İttifaqı, Sahibkarlar Konfendrasiyası, özəl və dövlət sektoru və BVET əməkdaşları iştirak edib.
Səfər zamanı hazırda tikintisi davam edən Bərdə Peşə Liseyinin tədris binasındakı 3 emalatxanın – qaynaq, çilingər və dülgər emalatxanalarının təmir, təchizat və inşa işləri ilə tanışlıq olub.
BVET layihəsi çərçivəsində hazırlanmış və təklif olunmuş Usta Yanında Şəyirdlik Proqramı üzrə Bərdə Peşə Liseyi ilə “Bitkiçilik mütəxəssisi” və “Baramaçı” ixtisasları üzrə özəl sektorla ümumilikdə hələlik 7 Anlaşma Memorandumu imzalanıb. Bərdə Peşə Liseyi ilə Tərtər Bölgə Təcrübə Stansiyası arasında imzalanmış Anlaşma Memorandumunu rəhbər tutaraq cəmiyyətin ayırdığı əkin sahəsində “Bitkiçilik mütəxəssisi” ixtisasının tələbələrinin istehsalat təlimi keçməsi səfər iştirakçıları tərəfindən müşahidə edilib.
Açılış nitqi ilə çıxış edən Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihənin Bərdə bölgəsi üçün əhəmiyyətini vurğulayıb və özəl sektorla peşə liseyi arasındakı əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Görüş zamanı layihənin icrası, görülən və davam etməkdə olan işlər barədə qonaqlara məlumat verilib.
Özəl sektorun nümayəndələri müzakirələrdə fəal iştirak edərək qarşılıqlı faydalı müasir peşə təhsili və təlimi sisteminin inkişafında iştirak etməkdə maraqlı olduqlarını qeyd ediblər. Tədbirin sonunda BVET layihəsi tərəfindən pilot məktəblə Anlaşma Memorandumu imzalamış özəl sektor nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.