Ağstafa

Ay Azərişıq, Allahın yoxdurmu?-tanınmış jurnalist Elvin Bayramlının sualı

13 sentyabr / 21:30 2 dəq
Elvin bayramlı
13 sentyabr / 21:30
Burada sizin reklamınız ola bilər
Mən yay aylarında əsasən Ağstafada, Muğanlı kəndində yaşayıram.
Bu kənddə…
…yağış yağanda işıq sönür, külək əsəndə işıq sönür, buludlu havada işıq sönür, günəşli havada, qar yağanda, şeh düşəndə, duman gələndə işıq sönür.
…adam öləndə işıq sönür, onun üçündə, yeddisində, adnalarında, qırxında, əlli ikisində işıq sönür.
…toy olanda işıq sönür, nişanda, ciyər axşamında, gəlin gördüdə, sünnət toyunda, ad günlərində, 15 sentyabrda, 15 iyunda, 28 mayda, 26 iyunda işıq sönür.
…torpaq əkiləndə, dırmıx çəkiləndə, toxum səpiləndə, suvarılanda, bitki boy atanda, alaq otu yolunanda işıq sönür.
…mən kəndə gələndə, kənddən çıxanda, sabah tezdən, axşam vaxtı, günün günorta çağı, adsız vaxtı, azan vaxtı, ay gec çıxanda, arxa su gələndə, meşədə çaqqal ulayanda işıq sönür.
…eləbelə, mırta, kefə, zarafata işıq sönür.
Hər gün, günün hər vaxtı, vaxtsız, vədəsiz işıq sönür.
Ay Azərişıq, ya da onun rəsmiləri, Allahın yoxdurmu? Bu xalqa niyə zülm edirsən? Bizim kondisionerimiz, rahat kreslomuz, sərin otaqda isti çay gətirən mini yubkalı katibəmiz olmaya bilər, ancaq sağdığımız südü, hazırladığımız yağ-qaymağı, kəsdiyimiz toyuğu qoymalı olduğumuz soyuducumuz var axı. Torpağa əkdiyimiz tərəvəzi sulamağa matorumuz var axı. Heyvanlara yem üyütmək üçün aparatımız var axı. Bunlar bizim, mənim, qonşularımızın, kənddaşlarımızın həyatıdır, bu günü, sabahıdır, uşaqlarının təhsilidir…
Nə düşünürsünüz?
Paylaş
Burada sizin reklamınız ola bilər