Ağ Ev Ukraynadakı müharibə və Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı 500 yeni sanksiyanın tətbiq edildiyini açıqlayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin fevralın 13-də yaydığı press-relizdə bildirilir.
Məhdudiyyətlər Rusiyanın maliyyə sektorunu, hərbi-sənaye kompleksini, satınalma şəbəkəsinin iştirakçılarını, sanksiyalardan yayınanları və Aleksey Navalnının həbsinə cavabdeh olanları hədəf alacaq.
Bundan əlavə, qeyd olunub ki, “Rusiya hərbi maşını”nı dəstəkləyən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq ediləcək. Bəyanatda deyilir ki, Ağ Ev Moskvanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görür.
Sanksiyalardan danışan Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinin xaricdəki aqressiya və daxildə repressiyalara görə böyük əvəz ödəyəcəyini bildirib. Bayden həmçinin əlavə edib ki, o, komandasına “vətəndaş cəmiyyətinə, müstəqil mediaya və bütün dünyada demokratiya uğrunda mübarizə aparanlara” dəstəyi gücləndirməyi tapşırıb.
Qeyd edək ki, bu gün Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketi də qüvvəyə minib.