Zelenski ABŞ və Avropa ilə yeni danışıqlara başlayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin diplomatiya, müdafiə və humanitar məsələlərlə bağlı gələcək addımlarına həsr olunmuş xüsusi müşavirə keçirib.
Qerbxeber.com xəbər verir ki, Zelenski qarşıdakı həftələrdə əsas prioritetlər sırasında raketdən müdafiə sisteminin gücləndirilməsi, dronların istehsalı və təchizatı ilə bağlı ikitərəfli müqavilələr, o cümlədən Avropa İttifaqı ilə Dron Sazişi təşəbbüsünün bağlanması, eləcə də müxtəlif beynəlxalq formatlarda görüşlərə hazırlıqla bağlı planlarını açıqlayıb.
O, Ukraynanın vacib danışıqlara hazırlaşdığını qeyd etsə də, detallara varmayıb.
Məsləhətləşmələr zamanı humanitar məsələlərə xüsusi diqqət yetirilib. Zelenski tərəflər arasında əvvəlcədən razılaşdırılmış mübadilələrin davam etdirilməsinin vacibliyini bildirib və vasitəçilik səylərinə töhfə verə biləcək tərəfdaşlarla işi gücləndirməyi tapşırıb.
Zelenskinin sözlərinə görə, yaxın gələcəkdə enerji sektoru da daxil olmaqla, Ukraynanı dəstəkləmək üçün yeni qərarların qəbul edilməsi gözlənilir. Bu təşəbbüslərin təfərrüatı açıqlanmayıb.

