Səməd Vurğunun “Pobeda”sı Azərbaycana gətirildi
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin dəstəyi ilə Səməd Vurğunun avtomobili Azərbaycana aparılıb.
Xalq şairi Səməd Vurğunun uzun illər istifadəyə yararsız vəziyyətdə qarajda saxlanılan avtomobili Gürcüstandan Azərbaycana aparılıb. Avtomobil şairin 120 illik yubileyi münasibətilə bərpa olunub və bu prosesə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də dəstək verib.
Qazaxlı professor, Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov bildirib ki, bu məsələ ilk dəfə Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım tərəfindən qaldırılıb. Məlumata görə, şairin 1950-ci ildə aldığı və cəmi 5 il istifadə etdiyi “Pobeda” markalı avtomobil 1955-ci ildə Gürcüstanda qalıb. Səməd Vurğun xəstəliyini hiss etdikdən sonra maşını xalası oğluna bağışlayıb.
İlham Pirməmmədov qeyd edib ki, avtomobilin texniki pasportunda da Səməd Vurğunun adı yer alır. Uzun illər diqqətdən kənarda qalan avtomobil sonradan tapılıb, bərpa edilərək Gürcüstandan Azərbaycana aparılıb.
Qeyd edək ki, sözügedən avtomobil şairin təhsil aldığı Qazax Müəllimlər Seminariyası ADA Qazax Mərkəzinə təhvil veriləcək. /QafqazTürk medya/





